Türk İnvestisiya Fondu maliyyə əməliyyatlarına başlamağa hazırlaşır
- 10 oktyabr, 2025
- 12:36

Türk İnvestisiya Fondu (TIF) institusional inkişaf prosesini başa çatdırıb və yaxın vaxtlarda maliyyə əməliyyatlarının hazırlanmasına başlayacaq.
"Report"un TIF-ə istinadən verdiyi məlumata görə, bu barədə Fondun prezidenti Bağdad Amreyev bəyan edib.
Onun sözlərinə görə, TIF beynəlxalq tərəfdaşlıqlar və aparıcı qlobal maliyyə institutları ilə əməkdaşlıq hesabına kapitallaşmanı genişləndirmək niyyətindədir.
B.Amreyev qeyd edib ki, Fond Türk dünyasının qlobal tərəfdaşlarla iqtisadi əlaqələrinin möhkəmləndirilməsi üçün effektiv platforma olacaq və onun fəaliyyətinin üzv dövlətlər arasında iqtisadi münasibətlərin inkişafına əhəmiyyətli töhfə verəcəyinə əminliyini ifadə edib.
Qeyd edək ki, Türk İnvestisiya Fondu 2024-cü il mayın 18-də Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan tərəfindən təsis edilib. Onun məqsədi - türkdilli ölkələrdə dövlət və özəl layihələrin dəstəklənməsi, infrastruktura, bərpa olunan enerjiyə, kənd təsərrüfatına və turizmə investisiyaların cəlb edilməsi, habelə iqtisadi artıma töhfə verməkdir.
Macarıstanın qatılmasından sonra Fondun nizamnamə kapitalı 100 milyon ABŞ dolları artaraq 600 milyon ABŞ dollarına çatıb.