Naxçıvanda tətbiq edilən vergi güzəştlərinin müddətsiz olması təklif edilir

Maliyyə
  • 21 noyabr, 2025
  • 12:04
Naxçıvanda tətbiq edilən vergi güzəştlərinin müddətsiz olması təklif edilir

Naxçıvan Muxtar Respublikasında tətbiq edilən vergi güzəştləri müddətsiz olmalıdır.

"Report" xəbər verir ki, bunu deputat Tahir Mirkişili Milli Məclisin bugünkü plenar iclasında 2026-cı ilin dövlət büdcəsi zərfinə daxil olan Vergi Məcəlləsi və 16 qanuna təklif edilən dəyişikliklər paketinin I oxunuşda müzakirəsində bildirib.

Onun sözlərinə görə, Orta Dəhlizin inkişafı - Zəngəzur dəhlizinin açılması fonunda Naxçıvanda vergi güzəştlərinin tətbiq olunması təkcə iqtisadi məsələ deyil: "Bu, eyni zamanda çox ciddi, strateji və geosiyasi bir məsələdir. Mən təklif edərdim ki, bu vergi güzəştləri müddətsiz olsun. Çünki Muxtar Respublikanın yerləşdiyi ərazi dünyanın diqqətində olduğu bir dövrdə Naxçıvanda emal sənayesinin, istehsalın, xidmət sahələrinin inkişafı Azərbaycan üçün çox önəmlidir və bunu tamamilə doğru bir addım qeyd edirəm".

Deputat qeyd edib ki, sadələşdirilmiş verginin hibrid sisteminin tətbiq olunmasını mühüm innovasiya kimi qəbul edir: "Hesab edirəm ki, sadələşdirilmiş vergi limitinin 200 min manatdan 400 min manata qədər artırılması və bunun nağdsız ödənişlərə bağlanması mühüm bir yenilikdir. Ola bilər gələcəkdə bu 400 min manat da artırılsın, amma Azərbaycanda vergi bazasının artması yönündə nağdsız ödənişlərin həvəsləndirilməsi kifayət qədər mühüm bir addımdır".

Bundan başqa, T.Mirkişili təklif edib ki, Azərbaycanda yeni iş yeri açanlara ən azı bir il müddətinə bütün vergilərdə 50 % güzəşt tətbiq olunsun: "Bundan başqa istəyərdim ki, Azərbaycanda universiteti yenicə qurtarıb əmək bazarına daxil olan insanlara da vergi güzəştləri tətbiq edilsin. Bu, məşğulluqda daha çox effekt verər".

Son xəbərlər

Bütün Xəbər Lenti