Naxçıvanda 9 ayda 389 milyon manat yeni kredit verilib
- 28 noyabr, 2025
- 11:13
Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında 389 milyon manat yeni kredit verilib.
"Report"un yerli bürosunun məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının Naxçıvandakı idarəsi bəyan edib.
Məlumata görə, yeni kreditlərin 65,7 %-ni istehlak kreditləri təşkil edib. Bu rəqəm 2021-ci ilin eyni dövründə 81,8 % olub.
"İstehlak kreditlərinin payındakı azalma kreditləşmədə diversifikasiyanı göstərir. Paralel olaraq digər kredit növlərində ciddi artım qeydə alınıb. Belə ki, sənaye kreditlərinin payı 5,2 %-dən 14,7 %-ə, ticarət və xidmət kreditlərinin payı isə 2,1 %-dən 12,5 %-ə çatıb, ipoteka kreditlərinin payı isə 2,9 %-dən 2 %-ə düşüb.
2021–2025-ci illərin 9 aylıq dövrünün müqayisəsi göstərir ki, kredit portfelində istehlak yönümlülüyün azalması və real sektorun – xüsusilə sənaye, ticarət və xidmət sahələrinin kreditləşməsinin artması kreditlərin daha balanslı istiqamətə yönəldiyini təsdiqləyir", - deyə məlumatda qeyd olunub.