"Moody's": BMİ-lər Azərbaycanda iqlim layihələri üçün maliyyə çatışmazlığını azalda bilər
- 02 sentyabr, 2025
- 19:54

Beynəlxalq maliyyə institutları (BMİ) Azərbaycanda iqlimə uyğunlaşma tədbirləri üçün maliyyə çatışmazlığının azaldılmasında əsas rol oynamağa qadirdir.
Bu barədə "Report" "Moody's" beynəlxalq reytinq agentliyinin hesabatına istinadən xəbər verir.
"Moody's" qeyd edir ki, özəl investisiyaların artması ilə yanaşı, məhz çoxtərəfli və ikitərəfli inkişaf bankları son on ildə Mərkəzi Asiya və Qafqaz ölkələrində iqlim layihələri üçün kreditləşməni əhəmiyyətli dərəcədə artırıb.
Sənəddə vurğulanır ki, iqlim dəyişikliyi ilə bağlı xərclərin əsas yükü hökumətlərin və qismən də özəl sektorun üzərinə düşsə də, BMİ-lərin iştirakı maliyyə çatışmazlığını azaltmağa və Azərbaycan və Özbəkistan kimi dövlətlərin suveren kredit qabiliyyətinə dair riskləri azaltmağa kömək edəcək.
"Moody's"in hesabatında qeyd edilir ki, region ölkələri artıq BMİ-lərin güzəştli kreditlərinə etibar edirlər. "Məsələn, çoxtərəfli inkişaf bankları tərəfindən maliyyələşmə Azərbaycanda ümumi dövlət xarici borcunun 36 %-ni, Özbəkistanda 26 %-ni, Gürcüstanda 25 %-ni, Ermənistanda və Tacikistanda isə 22 %-ni təşkil edir. Bu rəqəmlər orta gəlirli ölkələr üzrə orta göstəricidən (2023-cü ildə cəmi 10 % olub – red.) xeyli yüksəkdir", - hesabatda vurğulanır.