ING: Azərbaycanın suveren istiqrazları investorların marağını cəlb etməkdə davam edir
- 06 oktyabr, 2025
- 16:34

Azərbaycanın suveren istiqrazları gələcək artım potensialının məhdud olmasına baxmayaraq, investorların marağını cəlb etməkdə davam edir.
"Report" xəbər verir ki, bu barədə Niderlandın ən böyük bank qrupu olan "ING Group"un hesabatında bildirilir.
Sənədə əsasən, "Moody's" beynəlxalq reytinq agentliyinin Azərbaycanın kredit reytinqinn "Baa3" səviyyəsinə qədər artırması qiymətli kağızlara investisiya səviyyəsi ("Investment Grade") statusu verib ki, bu da bazar etimadını əhəmiyyətli dərəcədə gücləndirib.
"İnvestorların pozitiv əhvali-ruhiyyəsini dəstəkləyən əlavə amil Azərbaycan və Ermənistan arasında sülh təşəbbüsləri olub. Bu da geosiyasi risklərin azalmasına və regionda sabitliyin artmasına kömək edib", - bank vurğulayıb.
ING qeyd edir ki, Azərbaycan avrobondları üzrə spredlər yeni kredit reytinqinə uyğun olaraq azalıb, bu zaman iqtisadiyyatın əsas göstəriciləri "ikiqat profisitin" - büdcə və cari hesabın - cari ildə müəyyən dərəcədə zəifləməsinə baxmayaraq dayanıqlı olaraq qalır.
"Qiymətlərin daha da artması potensialı məhdud olsa da, "AZERBJ 32s" istiqrazları oxşar reytinqlərə malik olan ölkələrin - Oman, Mərakeş və neft ixracatçısı olan Qazaxıstanın qiymətli kağızlarına nisbətən daha yüksək gəlirlilik təklif etməyə davam edirlər. Bu, xüsusilə Azərbaycan istiqrazlarını bazarda məhdud təklif fonunda portfeldə saxlamaq üçün cəlbedici edir", - bankın hesabatında qeyd olunub.