Ukrayna Ordusunun Baş komandanı: Hərbi təlim mərkəzləri ölkənin dərinliklərinə köçürülür
- 06 oktyabr, 2025
- 17:52

Ukrayna Silahlı Qüvvələrinin təlim mərkəzləri PUA və raket təhdidinin artması səbəbindən ölkənin dərinliklərinə köçürülür.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski sosial şəbəkələrdə yazıb.
O, ukraynalı hərbçilərin hazırlığı və təlim mərkəzlərinin fəaliyyəti məsələlərinə həsr olunmuş ənənəvi aylıq müşavirənin keçirildiyini bildirib.
Sırskinin sözlərinə görə, son bir ildə yeni əsgərlərin zəruri bacarıqlara yiyələnməsi üçün kifayət qədər vaxtın verilməsi istiqamətində əhəmiyyətli təşkilati işlər görülüb.
İndi əsas ümumi hərbi hazırlıq 51 gün davam edir, PUA-lara qarşı mübarizə kursu və müasir texnoloji müharibənin tələblərinə cavab verən digər elementləri əhatə edir.
"Eyni zamanda, PUA və raket təhdidini nəzərə alaraq, təlim mərkəzlərinin təhlükəsizliyi gücləndirilir. Onlar getdikcə ölkənin dərinliklərinə, cəbhə xəttindən mümkün qədər uzağa köçürülür", - o qeyd edib.
Ukrayna Silahlı Qüvvələrinin baş komandanı problemli məsələlərə baxıldığını, onların təxirəsalınmaz həlli yollarının müəyyən edildiyini vurğulayıb: "Təlim mərkəzlərinin potensialını tam reallaşdırmaq vacibdir".