Naxçıvanın sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası üçün 57 milyon manat xərclənib

Maliyyə
  • 28 noyabr, 2025
  • 15:28
Naxçıvanın sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası üçün 57 milyon manat xərclənib

İndiyə qədər "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın icrası məqsədilə 57,1 milyon manat xərclənib.

"Report" bu barədə Hesablama Palatasına istinadən xəbər verir.

Məlumata görə, Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyinin təşkilatçılığı ilə Dövlət Proqramı çərçivəsində görülmüş işlər və qarşıdakı dövrdə planlaşdırılan fəaliyyətlərin müzakirəsi keçirilib. Görüşdə Prezidentin Naxçıvanda səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, Palatanın sədri Vüqar Gülməmmədov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov və Dövlət Proqramının icrasına məsul qurumların rəhbərləri iştirak ediblər.

Tədbirdə V.Gülməmmədov Dövlət Proqramının icra vəziyyəti ilə bağlı təqdimat edib. O, Azərbaycanda icrası davam etdirilən iki ən böyük strateji proqramdan biri olan Dövlət Proqramının ötən 2 il 6 aylıq dövr üçün icra vəziyyəti ilə bağlı aparılan təhlilin nəticələrindən söz açıb.

Sədr Dövlət Proqramının icrası ilə bağlı aparılmış təhlil haqqında danışıb, Dövlət Proqramının tərtibi və icrası ilə bağlı məlumat verib. Proqramın həyata keçirilməsinə dair tövsiyələrini səsləndirən V.Gülməmmədov proqramda iqtisadi istiqamətli tədbirlərin icrasına xüsusi önəm verilməsinin vacibliyini vurğulayıb.

Sonda sədr Proqramlılıq İnstitutu üzrə bir sıra tədbirlərin yenidən nəzərdən keçirilərək real tələbata uyğunlaşdırılması, müvafiq qaydada optimallaşdırılmanın aparılması və fəaliyyət göstəricilərinin müəyyənləşdirilməsinə dair tövsiyələrini irəli sürüb.

Çıxış edən digər rəsmilər də Prezident İlham Əliyevin Naxçıvanın sosial-iqtisadi inkişafına göstərdiyi davamlı diqqəti qeyd edib, Dövlət Proqramının regionun ölkə iqtisadiyyatına tam inteqrasiyasına xidmət etdiyini bildiriblər.

Tədbir Dövlət Proqramının icrasının səmərəliliyinin artırılması istiqamətində fikir mübadiləsi ilə davam edib.

Son xəbərlər

Bütün Xəbər Lenti