Paşinyan II Qareginin işini "bitirir" - yeni namizədlərin adları açıqlanıb - ŞƏRH
- 28 noyabr, 2025
- 15:46
Ermənistanda ümumerməni baş keşişinin dəyişdirilməsinə hazırlıq prosesi davam edir.
Ötən gün 9 keşişdən ibarət bir qrup ümumerməni katolikosu II Qaregini dini müqəddəsliyə hörmətsizliyi himayə etməkdə günahlandıran bəyanat yayıb.
Bildirilir ki, o, indiki baş keşiş arxiyepiskop Arşak Xaçatryanın müqəddəsliyə hörmətsizlik edən hərəkətlərini gizlətməyə cəhd göstərib.
Qeyd edək k, Xaçatryanın rahiblik qaydalarını pozan videosu yayılıb. II Qaregin də onun bu davranışını müxtəlif bəhanələrlə ört-basdır etməyə səy göstərib. Məlumata görə, Ermənistan İstintaq Komitəsinin apardığı ekspertizaya görə, arxiyepiskop Arşak ədəbsiz məzmunlu videoda iştirak edib. Bu video isə müxtəlif sosial şəbəkə platformalarında müzakirə olunur.
13 arxiyepiskopdan 9-u bəyanatında bildirilib ki, katolikosun davranışı Erməni Kilsəsinin kanonları və təlimləri ilə bir araya sığmır, bu da Kilsə daxilində parçalanma təhlükəsi daşıyır. Onlar yepiskopları, kilsənin sadiq və sədaqətli övladlarını qətiyyətli mövqe nümayiş etdirməyə, II Qareginin yanlış kursunu qətiyyətlə pisləməyə çağırıblar.
Ermənistanın Baş naziri Nikol Paşinyan arxiyepiskopların bəyanatını alqışlayıb: "Hesab edirəm ki, bu, hər şeydən əvvəl kilsəmizdə kilsənin mənəvi missiyasını həvəslə yerinə yetirən din xadimlərinin olduğunu sübut edir".
O, bəyanatı imzalayan qrupla görüşməyə hazır olduğunu da vurğulayıb.
N.Paşinyan son illər Eçmiadzin kilsəsinin baş keşişi katolikos II Qareginə qarşı kampaniya aparır. O, baş keşişi bakirliyə sadiqlik andını pozmaqda, dinə hörmətsizlikdə, haram işlər görmək ittiham edir. Paşinyan bu yaxınlarda onu dünyəvi Kriç Nersisyan adı ilə çağırıb. Baş nazir bildirib ki, Qaregin II adını da ondan almaq lazımdır.
Qaregin ikincinin Azərbaycan və Türkiyəyə qarşı çıxışları, şər-böhtan yağdırması, ərazi iddiası, tarixi faktları təhrif etməsi sirr deyil. O, ermənilərin türklərə qarşı yüz ildən artıqdır apardıqları təbliğata liderlik edir.
Kriç Nersisyan Ermənistanla Azərbaycan arasında sülhün yaranmasına qarşı çıxmaqla yanaşı, Azərbaycana qarşı ərazi iddiası ilə çıxış edir, saxta, yalan erməni soyqırımının iddiasının beynəlxalq miqyasda yayılmasına çalışır.
Cənubi Qafqazdakı əməkdaşlıq, sülh və normallaşma prosesinə bu düşüncə sistemi zərbə vurur. Onun təbliğ etdiyi fikirlərin isə xülya olduğunu isbatlamağa ehtiyac yoxdur. Kriç bütün həyatını türk düşmənliyinə həsr etmiş, "qibləsi" şimala olanlardandır.
Bu hadisələr indiyədək təbliğ edilən "ermənilik" ideologiyasının iflasıdır. Çünki bu düşüncə sistemi çar Rusiyasının Şərq geopolitikasının komponentlərindən biri olaraq Qafqaz, xüsusilə, Cənubi Qafqaz siyasətinin ideoloji silahı, aləti kimi "Qriqorian kilsəsi"nə ötürülmüş, oradan əlaqələndirilməklə yayılmışdı.
Nikol Paşinyan və komandası yeni Ermənistan qurmaq planını gizlətmir. Həmin layihədə II Qareginə rol yoxdur. Qulluq etdiyi "ermənilik" xülyası, yuxusu kimi, istifadə müddəti də başa çatıb.
"Müqəddəs Eçimədzin" kilsəsinin yenilənməyə də ehtiyacı var.
Yeni ümumerməni katolikosu kim olacaq? Yerli mətbuatın yazdığına əsasən, hakimiyyətin özü üçün iki namizədi var. Bildirilib ki, Nikol Paşinyanın hökuməti artıq bütün ermənilərin katolikosu postuna mümkün namizədin adı ilə bağlı qərar verib. ABŞ-nin Qərbi Ermənistan Yepiskopluğunun rəhbəri arxiyepiskop Ovnan Terteryan və Kilikiya Böyük Evinin Katolikosu I Aram başlıca namizədlər kimi nəzərdən keçirilir.
Mövcud hökumət II Qareginin mandatı bitdikdən sonra Erməni Apostol Kilsəsində gördüyü yeni azad fəaliyyət sahəsini və təsirin yenidən bölüşdürülməsini təmin edə bilər.
Bildirilib ki, hüquq-mühafizə orqanları artıq yepiskopluq rəhbərlərinin, o cümlədən, arxiyepiskopların iclası nəticəsində dərc edilmiş bəyanatı imzalayanlar və imzalamayanların fərdi məlumatlarını araşdırır.
Məlumata əsasən, II Qaregin ev dustağı ola, yaxud təcrid edilə, arxiyepiskop Arşak Xaçatryan isə həbs oluna bilər.
Rəsmi Eçmiadzin kilsəsi hadisələrə hələ ki münasibət bildirməyib. Belə çıxır ki, II Qareginin fətvasını "Baqramyan 26"- Ermənistan hökuməti verib. İndi onun yerinə nəzərdə tutulan namizədlərdən daha çox hansının şansı var?
I Aram (mülki adı Bedros Keşişyan) 1947-ci ildə Beyrutda doğulub. 1995-ci ildən Böyük Kilikiya Evinin katolikosudur. Livan, Suriya, İran, Körfəz ölkələri, Yunanıstan, ABŞ, Kanada və Kiprin yunanlar yaşayan hissəsindəki erməni yeparxiyalarının başçısıdır. Saxta erməni iddiasının tanınması uğrunda mübarizə aparan keşişdir.
1991-ci ildə Ermənistanın müstəqilliyinin elan edilməsini alqışlayıb. 1997-ci ildə Moskva Patriarxı II Aleksinin dəvəti ilə Rusiyaya rəsmi səfər edib. 2005-ci ilin iyun ayında Yaxın Şərq Xristian-Müsəlman Komitəsinin təşkilatçılarından biri olub. 2006-cı ildə Fransasının ovaxtkı prezidenti Jak Şiraka saxta erməni soyqırımının tanınması məsələsində mövqeyinə görə təşəkkür edib. 2008-ci ildə Anteliasda, Kilikiya Katolikosatlığı və İrəvan Matenadaranının birgə səyi ilə "Kilikiya Ermənistanının Mədəniyyəti" konfransı təşkil olunub. 2009-cu ilin sentyabrında Aram I Ermənistanın siyasi elitasına açıq məktub göndərərək ovaxtkı prezident Serj Sarqsyanın iştirakı ilə başlayan Ermənistan-Türkiyə danışıqları ilə əlaqədar narahatlığını ifadə edib.
O, klassik erməni ideoloqlarındandır. Yəni Azərbaycan və Türkiyəyə qarşı düşmənlik edənlərin təmsilçisidir. Azərbaycan və Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinə, rəsmi Bakı ilə İrəvanın sülh danışıqlarına qarşı çıxış edir.
II Qareginlə bağlı hadisələrin əvvəlində I Aram katolikos həmkarını dəstəkləmişdi. O, sələfləri kimi, "ermənilik" düşüncə xülyasının tipik nümayəndələrindəndir. Rahiblik, bakirlik andına əməl edib-etməməsi araşdırılmadığından bu barədə əminlik yoxdur.
Rəsmi İrəvanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırma səyləri fonunda onun bu prosesə əngəl olacağı ehtimalı var. Hər halda ümumerməni baş keşişi olacağı halda onun Paşinyanın əlinə baxacağı da istisna olunmur. Əks halda, yenidən kilsə-hökumət qarşıdurmasının əsasının qoyulması rəsmi İrəvana sərf etməz.
Arxiyepiskop Ovnan Terteryan isə 1957-ci ildə Beyrut şəhərində doğulub. Mülki adı Vahramdır. ABŞ-nin Qərb erməni yeparxiyasının başçısıdır.
1970-1975-ci illərdə Antiliasda "Dprəvank" monastır məktəbi və "Jarangavorats" gimnaziyası, 1976-1979-cu illərdə "Müqəddəs Eçmiadzin" Gevorkyan Ruhani Akademiyası, 1980-1983-cü illərdə Oksford Universiteti (bakalavr dərəcəsi), 1987-ci ildə Oksford Universitetini (magistr dərəcəsi) bitirib.
O.Terteryanın Eçmiadzindəki hadisələrlə bağlı çıxışında ortaq mövqe tutmağa çalışsa da, II Qaregini müdafiə etməyib: "Nə edəcəyimizə birlikdə qərar verəcəyik. Hamımız narahatıq. Bu belə davam edə bilməz. Biz xristian imanı, ümidi, sevgisi və səbri ilə sülh və dialoqu bərpa etməliyik".
Şimali Amerika və Meksika Qərb yeparxiyasının ruhani lideri arxiyepiskop Ovnan Terteryan Baş nazir Nikol Paşinyana məktubunda bildirmişdi: "Sizin xalqın mütləq əksəriyyətinin etimad mandatı və parlamentin əksəriyyətinin tam dəstəyiniz var.
Ümid edirik ki, yeni hökumət Sizin rəhbərliyiniz altında güclərini tam səfərbər edib birləşdirərək Ermənistanın sülh və təhlükəsizliyini təmin etməyə, iqtisadi inkişafa, ordu quruculuğuna və uzunmüddətli firavanlığa nail olmağa başlayacaq...".
Bu onun daha çox hakimiyyətyönlü olduğunu təsdiqləyən faktlardandır. Başqa sözlə, Nikol Paşinyanın Vahramı təmsil etdiyi etnik qrupun baş keşişi təyin etdirə, yaxud seçdirə biləcəyi halda siyasi kursunu həyata keçirməkdə ciddi maneə ilə rastlaşmayacağı ehtimalı çoxdur.
2026-c ilin yayı - parlament seçkilərinə qədər Nikol Paşinyan Eçmiadzindəki problemi həll etməkdə israrlı görünür. Belə qənaətə gəlmək olar ki, o, yenidən seçiləcəyi təqdirdə xeyir-duanı yeni katalikosdan almaq istəyir.