Avropa Komissiyası Gürcüstanın 2025-ci il üzrə iqtisadi artım proqnozunu yüksəldib

Maliyyə
  • 18 noyabr, 2025
  • 12:03
Avropa Komissiyası Gürcüstanın 2025-ci il üzrə iqtisadi artım proqnozunu yüksəldib

Avropa Komissiyası Gürcüstanın 2025-ci il üçün iqtisadi artım proqnozunu 7,3 %-ə yüksəldib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə bu ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Vaxtanq Tsintsadze bildirib. Qurumun bu proqnozu yaz aylarında dərc etdiyi hesabatındakı göstəricidən 1,3 faiz bəndi yüksəkdir.

İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin məlumatına görə, Avropa Komissiyasının açıqladığı yeni proqnoz digər beynəlxalq maliyyə institutlarının göstəriciləri ilə müqayisədə ən yüksək artım templərindən biri hesab olunur.

V.Tsintsadze bildirib ki, Gürcüstanın orta iqtisadi artım proqnozu Aİ-yə namizəd ölkələrin ortalamasından 1,7 dəfə yüksəkdir: "Avropa İttifaqının 2025-ci il üzrə iqtisadi artım proqnozu 1,4 % təşkil etdiyi halda, Gürcüstan üçün bu göstərici 7,3 % olaraq qiymətləndirilir".

Nazir müavini qeyd edib ki, bu fərq qarşıdakı illərdə də qalacaq. Belə ki, Gürcüstanın 2025–2027-ci illər üzrə orta illik iqtisadi artım proqnozu – 5,9 %, Aİ-yə namizəd ölkələrin – 3,4 %, Aİ-yə üzv ölkələrin – 1,4 %.

"Bu, hökumətin düzgün iqtisadi siyasətinin nəticəsidir", - V.Tsintsadze qeyd edib.

V.Tsintsadzenin sözlərinə görə, yüksək iqtisadi artım templəri Gürcüstan hökumətinin ardıcıl və məqsədyönlü iqtisadi siyasətinin göstəricisidir:

"İqtisadi artım göstəriciləri bir daha sübut edir ki, hökumətin strategiyası davamlı inkişafı və hər bir Gürcüstan vətəndaşının gəlirlərinin artırılmasını hədəfləyir".

Qeyd edək ki, Avropa Komissiyasının dərc etdiyi "Avropa İqtisadi Proqnozu Payız 2025" Hesabatına əsasən, Gürcüstanın 2026-ci il üçün iqtisadi artım proqnozu 5,3 %, 2027-ci il üçün isə 5 % təşkil edir.

Son xəbərlər

Bütün Xəbər Lenti