ADB-nin Azərbaycanda özəl sektorun inkişafına mümkün dəstəyi müzakirə olunub
- 29 sentyabr, 2025
- 14:34

Azərbaycan və Asiya İnkişaf Bankı (ADB) arasında mövcud əməkdaşlıq, özəl sektorun inkişafı, bankın bu sahəyə mümkün dəstəyi, gələcək tərəfdaşlıq imkanları və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu gün nazir, ADB-nin Azərbaycan üzrə rəhbəri Sahil Babayev ölkəmizdə səfərdə olan Bankın vitse-prezidenti Bharqav Dasquptanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan rəsmisi ADB ilə uzunmüddətli əməkdaşlığı yüksək qiymətləndirərək kreditlər, qrantlar və texniki yardım vasitəsilə həyata keçirilən birgə təşəbbüslərin ölkəmizin inkişaf gündəliyinə əhəmiyyətli töhfə verdiyini bildirib, Bankın 2025–2029-cu illər Azərbaycan üzrə Ölkə Tərəfdaşlıq Strategiyasının reallaşdırılmasında sıx əməkdaşlığın davam etdiriləcəyinə əminliyini ifadə edib.
S.Babayev cari iqtisadi vəziyyət barədə məlumat verib, qeyri-neft sektorunun inkişafı sahəsində əldə olunan nailiyyətləri diqqətə çatdırıb. Bakı və Abşeron yarımadasında su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması, "Bakı Metropoliteni" QSC-nin infrastruktur ehtiyaclarının maliyyələşdirilməsi, dəmir yolu xətlərinin modernləşdirilməsi istiqamətində prioritetlər qeyd olunub.
B.Dasqupta Azərbaycanla ADB arasındakı əməkdaşlığın bütün sahələrdə, o cümlədən özəl sektorun dəstəklənməsi istiqamətində daha da möhkəmlənəcəyinə və qarşıdakı dövrdə də uzunmüddətli tərəfdaşlıq prinsipləri əsasında davam etdiriləcəyinə əminliyini ifadə edib.