ADB dövlət-özəl tərəfdaşlığının uğuru üçün əsas amilləri açıqlayıb
- 23 sentyabr, 2025
- 11:03

Asiya İnkişaf Bankı (ADB) dövlət-özəl tərəfdaşlığı layihələrinin uğurla həyata keçirilməsi üçün vacib olan altı əsas aspekti təqdim edib.
"Report" xəbər verir ki, bunu ADB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sunniya Durrani-Camal Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (AIIF 2025) 2-cü günündə bildirib.
Onun sözlərinə görə, irimiqyaslı infrastruktur layihələrinin yalnız dövlət vəsaiti hesabına həyata keçirilməsi mümkün deyil: "Hökumətlər bunun öhdəsindən təkbaşına gələ bilməz. Regionun infrastruktur ehtiyacları olduqca böyükdür – söhbət 2040-cı ilə qədər trillyonlarla dollardan gedir. ADB-nin hesablamalarına görə, təkcə 2030-cu ilə qədər illik fərq təxminən 1,7 trilyon ABŞ dolları təşkil edir. Ənənəvi dövlət maliyyələşdirməsi kifayət etmir. Bu problemin həlli infrastrukturun inkişafı və xidmət göstərilməsinə yanaşmaların yenidən nəzərdən keçirilməsini, həmçinin onun ictimai dəyərinin dərk edilməsini tələb edir".
O, dövlət-özəl tərəfdaşlığı layihələrinin uğurla həyata keçirilməsinin əsasını təşkil edən 6 aspekti qeyd edib:
- dövlət resurslarının məhdudluğunun qəbul edilməsi və özəl sektorun cəlb edilməsinin zəruriliyi;
- investisiyalara yol açan dayanıqlı hüquqi və tənzimləyici mühitin yaradılması;
- layihələrin keyfiyyətlə hazırlanması – dayanıqlı həllərin hazırlanması, dövlət strukturlarında onların strukturlaşdırılması üçün potensialın formalaşdırılması;
- layihələrin bazarda road-şou və təqdimatlar vasitəsilə effektiv şəkildə tanıdılması – bu, geniş investor dairəsinin cəlb edilməsinə və tenderlərin pozulmasının qarşısının alınmasına imkan verir;
- hətta mürəkkəb layihələri həyata keçirə bilən səriştəli yerli podratçıların mövcudluğu;
- özəl kapitalın səfərbər edilməsi - burada zəmanətlər, qarışıq maliyyələşdirmə sxemləri təklif edən beynəlxalq maliyyə institutları xüsusi rol oynayır.
"Bu amillərin hər biri birbaşa ölkənin iqtisadi inkişaf səviyyəsindən, ambisiyalarından və resurslarından, həmçinin layihələr üzərində işə nə qədər vaxtında başlanılmasından asılıdır", – ADB nümayəndəliyinin rəhbəri qeyd edib.