"Coursera" platformasının 70 min nəfəri əhatə etməsi planlaşdırılır
- 23 sentyabr, 2025
- 13:03

Gələn il ilin aprel ayına qədər 70 000 nəfərin "Coursera" platforması ilə əhatə olunması planlaşdırılır.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SIM) icraçı direktoru Fariz Cəfərov Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (AIIF 2025) 2-cü günündə bildirib.
Onun sözlərinə görə, son 4 ayda 30 000-dən çox Azərbaycan vətəndaşı qısa müddətdə təxminən 63 000 sertifikat əldə edib: "Bu təşəbbüs bacarıq boşluqlarını qısa zamanda aradan qaldırmaq məqsədini daşıyır. Ümumiyyətlə, təşəbbüslər 4SİM-in strateji proqramlarının yalnız bir hissəsini təşkil edir. Rəqəmsal iqtisadiyyat strategiyası çərçivəsində isə 50-dən çox təşəbbüsün həyata keçirilməsi planlaşdırılır, bu isə həm ÜDM-ə töhfə, həm şirkətlərin böyüməsi, həm də ölkəyə beynəlxalq sərmayə və istedad cəlbi baxımından əlavə dəyər yaradacaq".
Bundan başqa, F.Cəfərov deyib ki, "Sənaye 4.0" proqramı çərçivəsində beynəlxalq əməkdaşlıq vasitəsilə bacarıqların inkişafı və təcrübə paylaşımı təşəbbüsləri həyata keçirilir.
"Sənaye 4.0" proqramına başlanarkən Sinqapur modelindən öyrənilib – onların fəaliyyət üsulları, başlanğıc mərhələsi və dayanıqlı iqtisadi inkişafı necə təmin etmələri araşdırılıb. Eyni zamanda, Almaniyada kurikulum hazırlığı və upskill (bacarıqların artırılması) və reskill (yenidən bacarıq qazanma) proqramları nəzərdən keçirilib, Türkiyədə isə metal sənayesi və texnoloji dəyişikliklər sahəsində tətbiq olunan təcrübələr öyrənilib", - deyə o qeyd edib.
4SİM rəhbərinin sözlərinə görə, beynəlxalq təşkilatlarla əməkdaşlıq Azərbaycana geniş bilik axını gətirir və bu cür təcrübələrin digər ölkələrlə paylaşılması strateji əhəmiyyət kəsb edir: "4SİM Dünya İqtisadi Forumunun üzvü olaraq, 100-dən çox beynəlxalq şirkətlə əməkdaşlıq edir və müxtəlif ölkələrdə pilot layihələrin təcrübələrini öyrənmək imkanı əldə edir. 22 mərkəzə malik olmaqla, Yaponiya və San-Fransiskodan tutmuş digər ölkələrdə aparılan pilot layihələrin uğurları və çətinlikləri öyrənilir, bu dərslər Azərbaycanın yerli tətbiqləri üçün uyğunlaşdırılır".
O əlavə edib ki, "Coursera" proqramı bu əməkdaşlığın uğurlu nümunələrindən biridir: "Hazırda "Honeywell" (sahənin aparıcı şirkətlərindən biri), SMC (Yaponiya şirkəti) və digər beynəlxalq şirkətlər Azərbaycan şirkətləri ilə tərəfdaşlıq qurmaq üçün ölkəyə gətirilir. Həmçinin, startap ekosisteminin əsas oyunçuları ilə əməkdaşlıq aparılır ki, Azərbaycan iştirakçıları beynəlxalq tərəfdaşlarla birləşdirilsin və bilik mübadiləsi təmin edilsin".