ADB: Bu il Cənubi Qafqaz və Mərkəzi Asiyada iqtisadi artım 5,5 %-ə qədər sürətlənəcək
- 30 sentyabr, 2025
- 09:42

Asiya İnkişaf Bankı (ADB) Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda iqtisadi artımı 2025-ci il üçün 5,5 %, 2026-cı il üçün isə 4,9 % səviyyəsində proqnozlaşdırır.
Bu barədə "Report" bankın sentyabr ayı hesabatına istinadən xəbər verir.
"Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda 2025-ci il üçün artım proqnozu Qazaxıstanda yaxşılaşan perspektivlər sayəsində yüksəlib. Lakin 2026-cı il üçün Azərbaycanda karbohidrogen hasilatının azalması səbəbindən aşağı salınıb. İndi gözlənilir ki, subregion 2025-ci ildə 5,5 % (aprel qiymətləndirməsi ilə müqayisədə + 0,1 faiz bəndi) artacaq, lakin 2026-cı ildə 4,9 %-ə (- 0.1 faiz bəndi) yavaşlayacaq", - icmalda vurğulanıb.
ADB qeyd edir ki, Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatları mülayim artım nümayiş etdirir.
"2025-ci ilin I yarısında Ermənistanda artım yavaşlayıb: sənayedəki geriləmə və xidmət sahəsində ləngimə kənd təsərrüfatı və tikintidəki artımı üstələyib. Azərbaycanda iqtisadi fəallıq zəiflədi: neft və qaz hasilatının azalması səbəbindən karbohidrogen sektorunda 3,1 % azalma baş verdiyi üçün artım 1,5 %-ə qədər (2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,3 %) yavaşlayıb. Gürcüstanda informasiya texnologiyaları və tikinti sahəsində güclü göstəricilər, eləcə də yüksək şəxsi istehlak səviyyəsi artıma töhfə verib. Turizm və nəqliyyatdan gələn gəlirlərin artması xarici sektorun inkişafını dəstəkləyib və Gürcüstanın regionda əsas tranzit marşrutu və turizm istiqaməti kimi rolunu gücləndirib", - hesabatda qeyd edilib.
ADB vurğulayır ki, Cənubi Qafqaz ölkələri infrastruktura investisiyaları stimullaşdırmağa yönəlmiş ekspansionist büdcə siyasətini davam etdiriblər: "Xüsusilə, Ermənistanda kapital xərcləri kəskin şəkildə artıb: infrastruktura yatırılan dövlət investisiyaları ÜDM-in 6,7 %-nə çatıb, cari xərclərin artımı isə yavaşlayıb. Azərbaycan isə büdcə profisitini qoruyub: gəlirlərin artımı Maliyyə Nazirliyinə ehtiyatları artırmağa imkan verib".
Bank qeyd edir ki, yüksək büdcə gəlirləri Azərbaycan dövlət büdcəsinin profisitini təmin edib. Xüsusilə, 2025-ci ilin birinci yarısında gəlirlər ÜDM-in 31,9 %-nə qədər artıb, buna vergi daxilolmalarının artması və Azərbaycan Dövlət Neft Fondundan büdcəyə köçürmələrin artması səbəb olub. Xərclər 2024-cü ildəki ÜDM-in 26,8 %-dən 2025-ci ildə 27,5 %-ə qədər artıb. Bu da kapital xərclərinin 11,1 % və cari xərclərin 7,5 % artmasını əks etdirir. Nəticədə, 2025-ci ilin yanvar-iyun aylarında büdcə profisiti ÜDM-in 4,4 %-ni təşkil edib.
"Azərbaycan güclü xarici mövqeyini qoruyub: 2025-ci ilin birinci rübündə cari hesab profisiti 1,1 milyard ABŞ dolları təşkil edib, valyuta ehtiyatları isə 77,6 milyard ABŞ dollarına qədər (iyunun sonuna - red.) artıb. Bu da ÜDM-in 105 %-nə bərabərdir və dövlətin xarici borcundan təxminən 15 dəfə çoxdur. Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 11,2 milyard ABŞ dolları təşkil edib. Karbohidrogenlərin qiymətlərində volatilliyə baxmayaraq, neft və qaz ticarətindən davamlı gəlirlər, eləcə də qeyri-karbohidrogen ixracının artması pul köçürmələrinin azalmasını kompensasiya edib. Lakin xidmətlər balansı kəsirli olaraq qalıb", - hesabatda qeyd olunur.