"Kür"ün həndbolçusu: "Heyətdəki dəyişikliklər daha çox uğur qazanmağımıza imkan yaradacaq"
- 24 sentyabr, 2025
- 12:33

"Kür" həndbol komandasının heyətindəki dəyişikliklər daha çox uğur qazanmağa imkan yaradacaq.
"Report" xəbər verir ki, bunu Mingəçevir təmsilçisinin yeni transferi Minayə Məmmədova Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.
O, "Qarabağ"ı "Kür"ə dəyişməsinin səbəbini də açıqlayıb:
"Özümü yeni klubda sınamaq istədim və mənə "Kür" komandasından təklif gəldi. Fikirləşdim ki, bu klub daha perspektivlidir və ona görə də "Kür"ə keçdim. Təkcə mənim gəlişim yox, ümumiyyətlə, komandada çoxlu dəyişikliyin olması bu mövsümdə bizim daha çox uğur qazanmağımıza imkan yaradacaq".
Həndbolçu Avropa Kubokunda növbəti mərhələyə adlayacaqlarına ümid edir:
"Bildiyiniz kimi, biz məşqlərə avqust ayının əvvəlindən başlamışıq. Əvvəlcə fiziki hazırlıq üzərində çalışdıq, daha sonra isə zal məşqlərimiz oldu. Püşkdən sonra Portuqaliyanın "San-Pedru-du-Sul" komandası ilə qarşılaşacağımız məlum oldu. Biz dərhal rəqibi analiz etməyə başladıq. Hazırda da bu prosesi davam etdiririk. Taktikamızı qururuq və düşünürəm ki, məşqlərdə göstərdiyimiz əzm və birlik bu komandaya qarşı yaxşı çıxış etməyimizə kömək edəcək. İnşallah hər iki oyunda qələbə qazanıb növbəti mərhələyə vəsiqə əldə edəcəyik".