ARDNF Çin şirkəti ilə bərpa olunan enerji məlumatlarını mübadilə edəcək
- 31 oktyabr, 2025
- 16:43
 
                            
                            
                        Azərbaycan Çin şirkəti ilə bərpa olunan enerji sahəsində məlumat mübadiləsinin aparılması barədə razılığa gəlib.
"Report" Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) istinadən xəbər verir ki, bu razılıq Fondun İcraçı direktorunun müavini Rövşən Cavadov və müvafiq struktur bölmələrin əməkdaşlarının Çinin "China Energy International Group Co., Ltd." ("CEEC International") şirkətinin sədri Syaodan Linin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə əldə edilib.
Məlumata görə, ARDNF ilə "CEEC International" şirkəti Körfəz ölkələri, Çin və Cənub-Şərqi Asiya regionlarında bərpa olunan enerji, enerji saxlama və tullantıların idarəedilməsi sahələrində həyata keçirilə biləcək layihələrin və digər investisiya imkanlarının mütəmadi şəkildə nəzərdən keçirilməsi və müzakirə olunan təşəbbüslərə dair məlumat mübadiləsinin aparılması barədə razılıq əldə ediblər.
Məlumata əsasən, tərəflər 2025-ci il sentyabrın 8-də ARDNF ilə "CEEC International" arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində mövcud əməkdaşlığın dərinləşdirilməsi, qarşılıqlı maraq doğuran yeni birgə investisiya imkanlarının müəyyənləşdirilməsi və əməkdaşlıq mexanizmləri barədə fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, "CEEC International" energetika, su təsərrüfatı, sement sənayesi və digər irihəcmli infrastruktur sahələri üzrə Çində və beynəlxalq miqyasda investisiya və xidmətlər təqdim edən, layihələrin bütün mərhələlərini əhatə edən sistemli və açar həllər təklif edən iri sənaye konqlomeratıdır. "CEEC International" adıçəkilən qrupun struktur vahidi olaraq, Çindən kənar beynəlxalq biznes fəaliyyətinin idarəedilməsi və beynəlxalq layihələrin icrasına və əməkdaşlığa rəhbərlik funksiyasını yerinə yetirir.
 
    
    
