Azərbaycan və Ukrayna səhiyyə sahəsində əməkdaşlıq haqqında saziş imzalayacaq - EKSKLÜZİV

Xarici siyasət
  • 31 oktyabr, 2025
  • 16:47
Azərbaycan və Ukrayna səhiyyə sahəsində əməkdaşlıq haqqında saziş imzalayacaq - EKSKLÜZİV

Ukrayna və Azərbaycan səhiyyə sahəsində ikitərəfli əməkdaşlıq sazişi imzalayacaq.

Bu barədə "Report"a müsahibəsində Ukraynanın səhiyyə naziri Viktor Lyaşko bildirib.

"Ukrayna və Azərbaycanın səhiyyə nazirləri 2025-ci il noyabrın 1-də səhiyyə sahəsində əməkdaşlıq haqqında yeni ikitərəfli saziş imzalamağı planlaşdırırlar", - o qeyd edib.

Onun sözlərinə görə, bu sənəd tərəfdaşlığın əsas istiqamətlərini müəyyən edəcək.

V.Lyaşkonun sözlərinə görə, Kiyev və Bakı, həmçinin Azərbaycanda Ukrayna tibb universitetlərindən birinin nümayəndəliyinin açılması, eləcə də Azərbaycan Tibb Universiteti ilə əməkdaşlığın qurulması imkanını nəzərdən keçirir.

"Bununla yanaşı, birgə elmi layihələr və ikili diplom proqramlarının inkişafı üzrə planlar nəzərdən keçiriləcək", - o əlavə edib.

Nazir, həmçinin vurğulayıb ki, Ukrayna və Azərbaycan təcrübə mübadiləsi, tibb mütəxəssislərinin hazırlanması və ixtisasartırma sahəsində qarşılıqlı əlaqələrin gücləndirilməsini planlaşdırır.

O əlavə edib ki, tərəflər məhkəmə təbabəti sahəsində əməkdaşlığı, o cümlədən məhkəmə-tibb ekspertlərinin birgə hazırlanması və itkin düşmüş şəxslərin müəyyənləşdirilməsində təcrübə mübadiləsini, eləcə də Azərbaycan Daxili İşlər Nazirliyi ilə birgə proqramların təşkilini müzakirə edirlər.

"Tibbi tərəfdaşlıq çərçivəsində kadrların ixtisasının artırılması, qabaqcıl təcrübənin mübadiləsi və tibbi xidmətin keyfiyyət standartlarının yüksəldilməsi üçün hər iki ölkənin xəstəxanaları arasında qarşılıqlı fəaliyyət nəzərdə tutulur", - nazir bildirib.

O qeyd edib ki, tərəflər institusional tərəfdaşlıq haqqında yeni sazişlər imzalayıblar. Bura Ukrayna Milli Xərçəng İnstitutu ilə Azərbaycan Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi arasında; Azərbaycan Tibb Universiteti ilə Xarkov Milli Tibb Universiteti arasında; Azərbaycan Səhiyyə Nazirliyinin K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu və "Oxmatdet" Milli İxtisaslaşdırılmış Uşaq Xəstəxanası arasında sazişlər daxildir.

Son xəbərlər

Bütün Xəbər Lenti