Ştefani Ştalmayster: "Dünya Bankı Bakı Limanının maliyyələşdirmə detallarını razılaşdırır" – EKSKLÜZİV
- 02 oktyabr, 2025
- 15:35

Dünya Bankı və Azərbaycan hökuməti hazırda Bakı Beynəlxalq Dəniz Limanının genişləndirilməsinin hansı mərhələsinin maliyyələşdiriləcəyini müəyyənləşdirirlər.
Bunu "Report"a Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştalmayster (Stefanie Stallmeister) bildirib.
"Biz, "AZCON Holdinq"i və "Azərbaycan Dəmir Yolları" QSC ilə hökumət üçün prioritet olan Bakı limanının genişləndirilməsi barədə danışıqlar aparırıq. Hazırda hansı mərhələnin və necə maliyyələşdiriləcəyi müəyyən edilir. Düşünürəm ki, söhbət artıq xərclər üzrə yekun qərardan gedir. Biz hökumətlə əməkdaşlıq etməkdən məmnunuq. Çünki bu, Orta Dəhlizin inkişafı və gücləndirilməsi üçün mühüm layihədir", - Ş.Ştalmaister qeyd edib.
Xatırladaq ki, Azərbaycanda quru yük körpüsünün və liman stansiyalarının genişləndirilməsini əhatə edən Bakı limanının tikintisinin ikinci mərhələsi həyata keçirilir. Hazırda limanının tutumu 150 000 TEU-dur və bu göstərici iki il ərzində 260 000 TEU-ya qədər artacaq.
Daha əvvəl "Report"a müsahibəsində Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays Bakı Beynəlxalq Dəniz Limanının gələcək inkişafına dəstək üzrə danışıqların aparılması barədə məlumat vermişdi.