Özbəkistanda miqrasiyanın azaldılması üçün ikinci dərəcəli şəhərlərin inkişafı üçün tədbirlər görülür
- 16 oktyabr, 2025
- 12:43

Özbəkistanın Əndican vilayətinin ərazisinin məhdud olması, əhali sıxlığının yüksək olması fonunda region üçün ciddi çətinliklər yaranır.
"Report"un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Özbəkistanın Mənzil Tikintisi və Kommunal Təsərrüfat Nazirliyinin Urbanizasiya Mərkəzinin direktoru Şihnazar Atacanov III Milli Şəhərsalma Forumunun (NUFA3) ikinci günündə bildirib.
Onun sözlərinə görə, ikinci dərəcəli şəhərlər böyük mərkəzlərlə kənd əraziləri arasında əlaqələndirici halqa olur, iqtisadiyyatın inkişafı və vətəndaşların həyat keyfiyyətinin yüksəldilməsi üçün yeni perspektivlər açır.
"Bu kontekstdə ikinci dərəcəli şəhərlərin potensialının gücləndirilməsi, onların infrastrukturunun inkişafı və imkanlarının genişləndirilməsi əhalinin həyat şəraitinin yaxşılaşdırılması, iş yerlərinin yaradılması və miqrasiyanın azaldılması üçün əsas vasitələrə çevrilir. Bu məsələlərin həlli üçün Özbəkistan Nazirlər Kabinetinin xüsusi qərarı qəbul edilib. Nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi mərhələli şəkildə davam edir", - o qeyd edib.