TDT-nin diaspor qurumlarının rəsmiləri Qarabağda olublar
- 16 oktyabr, 2025
- 15:05

Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin diaspor qurumlarının rəsmiləri II "INTERNSHIP" (təcrübə) proqramı çərçivəsində Şuşa və Xankəndiyə səfər ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, qonaqlar əvvəlcə Şuşada olub, Cıdır düzü, Güllələnmiş heykəllər, Şuşa qalası, Gəncə qapısı, İsa bulağı və Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər.
Onlara şəhərin tarixi və Şuşada Azərbaycanın mədəni irsinə qarşı erməni vandalizmi haqqında məlumat verilib. Təcrübə proqramının iştirakçıları şəhərdə aparılan sürətli bərpa və yenidənqurma işlərini yüksək qiymətləndiriblər.
Xankəndidə Qarabağ Universitetində görüş zamanı universitetin elmi-tədqiqat istiqamətləri və beynəlxalq əməkdaşlıq imkanları barədə geniş fikir mübadiləsi aparılıb. Daha sonra Zəfər meydanını ziyarət edən qonaqlara şəhərin tarixindən, mövcud vəziyyətindən, sosial və mədəni həyatından danışılıb. Xankəndinin strateji əhəmiyyəti, həyata keçirilən bərpa işləri və gələcək inkişaf perspektivləri diqqətə çatdırılıb.