Naxçıvanda rəsm və əl işlərindən ibarət sərgi-satış yarmarkası keçirilir

Mədəniyyət siyasəti
  • 16 oktyabr, 2025
  • 14:58
Naxçıvanda rəsm və əl işlərindən ibarət sərgi-satış yarmarkası keçirilir

Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında məhdud fiziki imkanlı şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış yarmarkası keçirilir.

"Report"un yerli bürosu xəbər verir ki, Prezidentin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli oktyabrın 16-da sərgi-satış yarmarkası ilə tanış olub.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova məlumat verib ki, "Konstitusiya və Suverenlik İli" tədbirləri çərçivəsində keçirilən sərgi-satış yarmarkasına 300-dən artıq müəllifin 10 mindən artıq əl işi çıxarılıb:

"Yarmarka xalqımızın ailə dəyərlərinin qorunub saxlanılması, adət-ənənələrinin yaşadılması, milli və xalq tətbiqi sənət nümunələrinin təbliğ edilməsi, həmçinin qadınların özünüməşğulluqlarının təmin edilməsi və istedadlarının üzə çıxarılması məqsədilə təşkil olunub".

F.Nəcəfli məhdud fiziki imkanlı şəxslər, istedadlı qadınlar, məhkumlar, Həydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi dərnəklərinin üzvləri, Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsi, eləcə də universitetin Pedaqoji fakültəsində fəaliyyət göstərən Texnoloji Mərkəzin tələbələri, "Autizmli Uşaqlara Dəstək" İctimai Birliyi tərəfindən təqdim olunan rəsm və əl işləri ilə tanış olub. Sulu və yağlı boya ilə işlənən tablolarla yanaşı, dekorativ, tikmə, toxuma və aplikasiyalar, taxta üzərində yandırma və oyma işləri, xalçalar, toxuculuq nümunələri və bir-birindən maraqlı digər dekorativ tətbiqi sənət nümunələri, həmçinin muxtar respublikanın təbii bitki və digər resurslarından hazırlanmış kosmetik vasitələr maraqla qarşılanıb.

Məhdud fiziki imkanlı istedadlı gənclərdən Zəhra Novruzova, Yusif Qasımlı, Pərvin Bayramova hazırladıqları əl işləri barədə səlahiyyətli nümayəndəyə məlumat veriblər.

Qeyd edək ki, sərgi-satış yarmarkası Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir.

Son xəbərlər

Bütün Xəbər Lenti