İƏT rəsmisi: "Orta Dəhlizin potensialının tam üzə çıxarılması üçün inteqrasiya olunmuş nəqliyyat sistemi lazımdır"
- 17 oktyabr, 2025
- 16:42

Orta Dəhlizin potensialını tam üzə çıxarmaq üçün inteqrasiya olunmuş multimodal nəqliyyat sistemi yaratmaq lazımdır.
"Report"un məlumatına görə, bunu İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin müavini Silаpberdi Nurbediyev Bakıda keçirilən III Milli Şəhərsalma Forumunun (NUFA3) üçüncü günündə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Orta Dəhlizin inkişafı eyni zamanda sosial-iqtisadi artımı stimullaşdıran və marşrutun potensialını üzə çıxaran üç əsas istiqamətə əsaslanır: əlaqəlilik, texnologiyalar və dayanıqlılıq.
"Müasir dünyada məhz əlaqəlilik rəqabət qabiliyyətini müəyyən edir. Səmərəli nəqliyyat, logistika sistemləri iqtisadi artımın və regional inteqrasiyanın təməlidir. Onlar ticarət xərclərinin azaldılmasına, investisiyaların cəlb edilməsinə və yeni bazarların açılmasına imkan verir", - S.Nurbediyev bildirib.
O vurğulayıb ki, əlaqəlilik təkcə yolların, limanların və ya dəmir yollarının inşası deyil, həm də iqtisadiyyatların, icmaların və ideyaların birləşdirilməsidir.
"Əlaqəlilik, həmçinin dənizə çıxışı olmayan ölkələrin dünya bazarlarına çıxış əldə etməsi və yerli icmaların regional, eləcə də beynəlxalq ticarətdə iştirakını təmin etmək imkanıdır. İƏT-ə üzv dövlətlərin ərazilərindən keçməklə Asiya və Avropanı birləşdirən Orta Dəhliz bunun mərkəzindədir", - o əlavə edib.
Baş katibin müavininin sözlərinə görə, Orta Dəhliz qitələr arasında həyati əhəmiyyətli bir körpüdür ki, bazarları birləşdirir, əməkdaşlığı gücləndirir və dayanıqlı inkişafı dəstəkləyir.
O bildirib ki, son qlobal sarsıntılar ticarət və nəqliyyat şəbəkələrini diversifikasiya etməyin nə qədər vacib olduğunu göstərib: "Təchizat zəncirlərindəki pozuntular, geosiyasi gərginlik və iqlim ilə bağlı risklər bir istiqamətdən asılılığın zəifliyini əyani şəkildə nümayiş etdirdi. Orta Dəhliz alternativ təklif edir - daha qısa, təhlükəsiz və dayanıqlı yol".
S.Nurbediyev qeyd edib ki, bu layihənin həyata keçirilməsi regional dayanıqlılığı gücləndirir və yeni imkanlar açır:
"Orta Dəhliz marşrutu boyunca iş yerləri yaradan, innovasiyaları stimullaşdıran və uzunmüddətli rifahı təmin edən logistika mərkəzləri, sənaye zonaları və xidmət obyektləri formalaşır. İƏT-in üzv dövlətləri üçün bu marşrut təkcə strateji imkan deyil, həm də kollektiv məsuliyyətdir. O, iqtisadi əməkdaşlığı gücləndirir, inteqrasiyanı dərinləşdirir".
İƏT-in Baş katibinin müavini qeyd edib ki, Orta Dəhlizin bütün potensialının üzə çıxarılması dəmir yollarını, avtomobil yollarını, dəniz və hava limanlarını vahid sistemdə birləşdirən inteqrasiya olunmuş multimodal nəqliyyat şəbəkəsinin yaradılmasını tələb edir: "Biz müasir, dayanıqlı və yüksək keyfiyyətli infrastruktura investisiya yatırmağa davam etməliyik".