Gələn ilin dövlət büdcəsinin layihəsi Milli Məclisə daxil olub
- 17 oktyabr, 2025
- 18:46

Azərbaycanın 2026-cı il dövlət büdcəsi layihəsi və büdcəyə aid olan qanun layihələri Milli Məclisə daxil olub.
"Report"a Milli Məclisdən daxil olan məlumata əsasən, oktyabrın 15-də Prezident İlham Əliyev "2026-cı il dövlət büdcəsi haqqında" Qanun layihəsini Milli Məclisin müzakirəsinə təqdim edib.
Qanun layihəsi ona əlavə edilmiş digər sənədlərlə birlikdə rəy verilməsi üçün Hesablama Palatasına göndərilib və palatanın rəyi alındıqdan sonra Milli Məclisdə müzakirələri keçiriləcək.
2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat məbləğində proqnozlaşdırılır. Büdcənin gəlir strukturunda qeyri-neft sektorunun payı əhəmiyyətli dərəcədə artır. Bu büdcənin neft amilindən asılılığının daha da azalmasına gətirib çıxaracaq. Belə ki, gəlirlərin 57,4 %-i, vergilərin isə 78,7 %-i qeyri-neft mənbələri hesabına formalaşacaq.
Növbəti il üçün büdcənin xərcləri isə 41 milyard 703,6 milyon manat məbləğində müəyyən olunub. Növbəti il üçün dövlət büdcəsinin xərcləri Prezident İlham Əliyevin müəyyən etdiyi prioritetləri, o cümlədən müdafiə qabiliyyətinin, əhalinin sosial müdafiəsinin təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, investisiya layihələrinin həyata keçirilməsi, habelə dövlətin funksiya və vəzifələrinə aid olan zəruri xərclərlə bağlı müvafiq maliyyə təminatını formalaşdırır.
Büdcə layihəsində qeyri-neft gəlirlərinin cari xərcləri ödəmə qabiliyyəti 88,1 % səviyyəsindədir. Bu cari illə müqayisədə 7,1 faiz bəndi çoxdur.
Dövlət büdcəsinin kəsiri isə 3 milyard 94,6 milyon manat proqnozlaşdırılır ki, bu ÜDM-in cəmi 2,3 %-i həcmindədir.
2026-cı ildə Dövlət Neft Fondundan transfertlərin həcmi cari ilə nəzərən 1 milyard 646 milyon manat az proqnozlaşdırılıb. Bu büdcənin neft gəlirlərindən aslılığının azaldılması və valyuta ehtiyatların qorunması istiqamətində görülən tədbirlərin bariz göstəricisidir.
Növbəti il üçün icmal büdcənin gəlirləri 1 milyard 18,8 milyon manat artaraq 44 milyard 969,4 milyon manat, xərcləri isə 1 milyard 209,9 milyon manat artaraq 48 milyard 839,3 milyon manat, kəsiri isə 3 milyard 870 milyon manat məbləğində müəyyən olunub.
2026-cı ildə icmal büdcədə qeyri-neft gəlirlərinin payı 63 % proqnozlaşdırılır. Bu, son illər ərzində qeyri-neft sektorunun büdcə gəlirlərindəki rolunun davamlı şəkildə artdığını göstərir. Müqayisə üçün, 2023-cü ildə bu göstərici 43,9 %, 2024-cü ildə 52,4 %, 2025-ci ildə isə 58,4 % təşkil edib.
İcmal büdcəyə daxil olan Dövlət Neft Fondunun büdcəsindən 2026-cı il üçün dövlət büdcəsinə transfert isə ilkin variantla müqayisədə 85 milyon manat artırılaraq 12 milyard 835 milyon manata çatdırılıb. Bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 11,4 % azdır.
Ümumilikdə, 2026-cı ilin dövlət büdcəsi qeyri-neft gəlirlərinin sabit artımı və neftdən asılılığın azalması ilə fiskal dayanıqlılığı təmin etməyi, xərclərin isə sosial-iqtisadi prioritetlərə uyğun həyata keçirilməyi və dövlətin funksiyalarına aid zəruri xərclər üçün maliyyə təminatı yaratmağı hədəfləyir.