Ankarada Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 34-cü ildönümünü qeyd edilib

Xarici siyasət
  • 17 oktyabr, 2025
  • 18:17
Ankarada Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 34-cü ildönümünü qeyd edilib

Ankarada Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunda (TADİV) Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

"Report"un Türkiyə bürosunun məlumatına görə, Azərbaycanın Ankaradakı səfirliyi və TADİV-in birgə təşkilatçılığı ilə keçirilən tədbirdə hər iki ölkədən diplomatlar, Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvləri, siyasi partiya təmsilçiləri, alimlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan TADİV-in rəhbəri, professor Aygün Attar bildirib ki, müstəqilliyin bərpasından sonrakı ilk illər Azərbaycan üçün çətin keçsə də, Ümummilli Lider Heydər Əliyevin müdrik xarici və daxili siyasəti müstəqilliyə qarşı təhdidləri dəf edib:

"Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev Heydər Əliyev strateji kursunu uğurla davam etdirir. Müasir Azərbaycan regionda baş verən proseslərə təsir edən lider dövlətdir".

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) Şərqdə ilk demokratik respublika olduğunu xatırladıb:

"Təəssüf ki, Xalq Cümhuriyyəti cəmi 23 ay yaşayıb. Sonrakı sovet dövründə Azərbaycan xalqı çoxsaylı zülm və repressiyalarla üzləşib. Ölkəmizin xalqına öz tarixini unutdurmaq üçün hər şey edilsə də, bu cəhdlər nəticəsiz qalıb. 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa edib".

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım çıxışında müstəqil Azərbaycanın keçdiyi inkişaf mərhələlərinə diqqət çəkib:

"Bu gün tariximizi, ortaq köklərimizi xatırlamaq, ölkələrimizin birliyinin əhəmiyyətini yeni nəsillərə çatdırmaq hər zaman olduğundan daha vacibdir. Hər bir vətəndaş bilməlidir ki, türk dünyası bizim ailəmizdir".

Çıxış edən digər natiqlər də müasir Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı nailiyyətlərin qürurverici olduğunu vurğulayıblar.

Son xəbərlər

Bütün Xəbər Lenti