BTQ dəmir yolunun 2034-cü ilə proqnozlaşdırılan yük potensialı açıqlanıb
- 09 sentyabr, 2025
- 16:37

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun yükdaşıma potensialı 2034-cü ilə qədər 17 milyon tona çatdırılacaq.
"Report" xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Turhan Dilmaç Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Beyin Mərkəzləri Forumunun 13-cü toplantısının "Avrasiyada bağlantının gücləndirilməsi" sessiyasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Orta Dəhlizin imkanlarının artırılması üçün Türkiyə Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığını daha da gücləndirəcək.
T. Dilmaç vurğulayıb ki, Orta Dəhliz təbii olaraq "Bir kəmər, bir yol" təşəbbüsü ilə uzlaşır və Ankara bu layihəyə ilk gündən xüsusi əhəmiyyət verib.
Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci ildə istismara verilib və Çin ilə Avropa arasında daha qısa və sürətli nəqliyyat bağlantısı yaratmaq məqsədi daşıyır. Bu marşrut, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində mühüm bir halqadır.