Belqorod-Dnestrovski limanı yüklərin emalı üçün Orta Dəhlizin böyük habını yaratmağı planlaşdırır
- 18 sentyabr, 2025
- 17:53

Ukrayna Belqorod-Dnestrovski dəniz limanı yüklərinin emalı üçün Orta Dəhlizin böyük habını yaratmağı planlaşdırır.
Bu barədə "Report"a müsahibəsində müəssisənin baş direktoru Oksana Kiktenko bildirib.
O vurğulayıb ki, Azərbaycan Orta Dəhlizin inkişafında əsas həlqədir: "Qazaxıstan ərazisindən gələn bütün yük axını Azərbaycandan keçir. Hətta yük daha sonra Türkiyəyə və ya Gürcüstana getsə belə, marşrut yenə də Azərbaycandan keçir. Bəlkə də Azərbaycan digər platformalarla əməkdaşlığı genişləndirməli və daha uzun yükdaşıma zəncirini səmərəli idarə etmək üçün Orta Dəhliz boyunca öz platformalarını yaratmalıdır".
Müəssisənin baş direktoru bildirib ki, həm Azərbaycanın, həm də Orta Dəhlizin digər iştirakçılarının tələblərini nəzərə alaraq yeni platformalar yaratmağa hazırdırlar.
O.Kiktenkonun sözlərinə görə, hazırda limanın ərazisi 65 hektardır, lakin onun genişləndirilməsi imkanı nəzərdən keçirilir:
"Ərazinin 250 hektara qədər genişləndirilməsi texniki cəhətdən mümkündür. Biz ehtiyac yarandıqca inkişaf etməyi planlaşdırırıq. Bundan başqa, biz təkcə bərə kompleksi deyil, həm də bütün növ yüklərin emalı və digər Avropa ölkələrinə və geriyə göndərilməsi üçün Orta Dəhlizin böyük habını yaratmaq istəyirik. Planlara taxıl, konteyner və neft terminallarının tikintisi daxildir, həmçinin sənaye parkının yaradılması üçün potensial görürük. Buna görə biz Orta Dəhlizin inkişafına diqqət yetirməyi, eyni zamanda digər istiqamətlərdə də irəliləməyi planlaşdırırıq".
O, inkişaf konsepsiyasının hazırlanması barədə məlumat verib:
"Biz inkişaf konsepsiyasını hazırlamışıq və hazırda hansı terminalların lazım olduğunu müəyyən etmişik. Həmçinin Orta Dəhlizin Avropa hissəsi üçün platforma yaratmağı planlaşdırırıq - bu, marşrutun həm Asiya, həm də Avropa hissəsində darboğazların aradan qaldırılmasına yönəlmiş əlavə infrastruktur olacaq. Xüsusilə, hazırda Moldovada Belqorod-Dnestrovski ilə Rumıniyanı birləşdirən dəmir yolu yenidən qurulur. Uzunluğu 320 kilometr olan bu hissə yüklərin Avropaya çatdırılmasını sürətləndirəcək".
Bundan əlavə, o bildirib ki, artıq konkret addımlar atılır: "Memorandumlar imzalayır, danışıqlar aparır və lazımi şərtlər - hansı növ yüklərin daşınmalı, hansı obyektlərin yaradılmalı, hansı texnikanın alınmalı və hər növ yükə səmərəli xidmət göstərmək üçün hansı terminalların tikilməli olması haqqında məlumat toplayırıq".
Xatırladaq ki, 2024-cü ildə TBNM ilə yükdaşımaların həcmi 62 % artaraq 4,5 milyon tona çatıb. 2025-ci ildə onun 5,2 milyon tona qədər artacağı gözlənilir ki, bunun da 4,2 milyon tonu marşrutda iştirak edən ölkələrdən keçəcək. Bu həcmin 2,5 milyon tonu quru yük (96 min TEU ekvivalenti), 1,7 milyon tonu isə neft olacaq.
Marşrutun ötürücülük qabiliyyəti 2027-ci ilə qədər ildə 10 milyon tona çata bilər ki, bu da Azərbaycanın tranzit potensialının genişləndirilməsi və infrastruktura əlavə investisiyaların cəlb edilməsi üçün davamlı zəmin yaradacaq.
Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış ola bilərsiniz.