Bolqarıstan parlamenti hökumətə qarşı beşinci etimadsızlıq səsverməsini rədd edib
- 18 sentyabr, 2025
- 19:25

Bolqarıstan parlamenti ölkədə sabitliyin təmini üçün fəaliyyətini davam etdirən hökumətə etimadsızlıq votumunu rədd edib.
"Report" Bolqarıstan İnformasiya Agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Rosen Jelyazkov bildirib.
"Hökumət ölkədə sabitliyin qorunması və həm Bolqarıstandakı, həm də xaricdəki qurumlarla tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir", - o deyib.
Jelyazkov qeyd edib ki, son günlər həm parlament, həm də parlamentdənkənar müxalifət qruplarının ritorikası ilə təhrik edilən sosial gərginliyin artması müşahidə olunur.
"Məqsəd inqilabi situasiya görüntüsü yaratmaq idi", - o vurğulayıb.
Bu etimadsızlıq votumu hökumətin yanvar ayında vəzifəyə gəldikdən sonra üzləşdiyi beşinci səsvermədir. 101 deputat lehinə, 133-ü isə əleyhinə səs verib, bitərəf olmayıb. Etimadsızlıq səsverməsinin qəbul edilməsi üçün 240 deputatın yarıdan çoxunun dəstəyi tələb olunurdu.