Azərbaycan Aİ-yə qadın sahibkarlığının inkişafı üzrə üçillik strateji plan təqdim edəcək
- 18 sentyabr, 2025
- 19:45

Azərbaycan bu gün Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kos ilə keçiriləcək görüşdə qadın sahibkarlığının inkişafına yönələn üçillik strateji planı təqdim edəcək.
Bunu "Report"a Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva bildirib.
Onun sözlərinə görə, plan qadın sahibkarlığının inkişafı, biznesdə psixoloji dayanıqlığın gücləndirilməsi, yeni iş yerlərinin və innovativ biznes təşəbbüslərinin yaradılmasını hədəfləyir:
"Görüşdə əsas müzakirə mövzusu qadın sahibkarlığının iqtisadi gücləndirilməsi və beynəlxalq əməkdaşlıq imkanları olacaq. Biz həm son illərdə əldə olunan nailiyyətləri, həm də mövcud problemləri diqqətə çatdıracağıq. Qadınların iqtisadi həyatda rolu, onların biznesdə iştirak imkanları və inkişaf perspektivləri ön planda olacaq. Bundan əlavə, Avropa ölkələri və BMT çərçivəsində qadınların iqtisadi gücləndirilməsi, miqrasiya edən qadınların dəstəklənməsi və layihələrdə iştirakı məsələləri də müzakirə ediləcək. Məqsəd həm də Azərbaycan qadınının dünyadakı rolunu nümayiş etdirməkdir".
S.Babayeva bildirib ki, Avropa İttifaqı ilə əməkdaşlıq və birgə layihələrin icrası da gündəmdədir:
"Burada əsas məsələ qadınlara əlavə imtiyazların verilməsi deyil, onların kişi sahibkarlarla bərabər hüquqlarla fəaliyyətini təmin etməkdir. Azərbaycan qanunvericiliyində qadın və kişi bərabərliyi mövcuddur və diskriminasiya qəbul edilmir".
O qeyd edib ki, qadın sahibkarların psixoloji gücləndirilməsi, şüuraltı stereotiplərin dəyişdirilməsi və rəqəmsal bacarıqların artırılması vacibdir:
"Rəqəmsallaşma, süni intellekt və yeni texnologiyaların sürətli inkişafı bir çox ənənəvi sahələri sıradan çıxarır. Buna görə qadınların rəqəmsal biliklərə yiyələnməsi, evdən idarə olunan biznes modellərinə uyğunlaşması böyük əhəmiyyət daşıyır".
Assosiasiya sədrinin sözlərinə görə, ailə bizneslərinin qorunması üçün xüsusi dəstək mexanizmləri mövcuddur:
"Bu dəstək yalnız qadınlara deyil, ümumilikdə ailə bizneslərinin inkişafına xidmət edir. Gənc qızların sahibkarlığa cəlb olunması, startaplarda iştirakı və dövlət proqramlarından faydalanması xüsusi əhəmiyyət kəsb edir. Qarabağ bölgəsində qadınlara göstərilən dəstək də dövlətin bu sahəyə diqqətinin göstəricisidir. Lakin əsas çətinlik qadın sahibkarların birləşdiyi assosiasiyaların zəif inkişaf etməsi, şəbəkələşmənin kifayət qədər olmamasıdır. Halbuki bu assosiasiyalar güclənməli, layihələr hazırlamalı və qadın sahibkarların hüquqlarını daha effektiv müdafiə etməlidirlər".
O əlavə edib ki, dövlət dəstəyi ilə yanaşı, xüsusi bank mexanizmləri, sosial müdafiə proqramları, şəhid və qazilərimizin ailələrindən olan qadınlara, həmçinin fiziki məhdudiyyətli qadınlara yönəlik təşəbbüslər həyata keçirilməlidir:
"Əgər assosiasiyalar düzgün araşdırma aparıb təkliflərini Milli Məclisə təqdim etsələr, bu məsələlərin hüquqi həlli daha sürətli ola bilər".
S.Babayeva həmçinin qeyd edib ki, qadın sahibkarlara qanunvericilikdə kifayət qədər imkanlar yaradılıb:
"Sadəcə, bu imkanlardan düzgün istifadə üçün maarifləndirici təlimlər vacibdir. Təlimlərdə qadınlara vergi, gömrük, iqtisadi hüquqlar və imtiyazlarla bağlı biliklər verilməlidir ki, gələcəkdə hüquqi çətinliklərlə üzləşməsinlər. Qadın sahibkarların məhsul istehsalı, brendləşməsi, rəqəmsallaşması və beynəlxalq bazarlara çıxışı istiqamətində fəaliyyət genişləndirilməlidir. Bu prosesdə dövlət subsidiyaları, bank dəstəyi və beynəlxalq platformalara inteqrasiya xüsusi rol oynayır. İxracda yaranan çətinliklərin aradan qaldırılması və valyutanın ölkəyə qaytarılması da mühüm məsələlərdəndir".
Onun sözlərinə görə, son illərin müşahidələri göstərir ki, qadın sahibkarların ən çox fəallıq göstərdiyi sahələr bunlardır: reklam və marketinq - yaxın illərdə ən gəlirli istiqamətlərdən biri hesab olunur; turizm - qadınların yaratdığı turizm şirkətlərinin sayı sürətlə artır; tibb və səhiyyə - qadınların dominantlıq etdiyi sahələrdən biridir; sənaye və kənd təsərrüfatı - bu sahələrdə qadınların rolu getdikcə güclənir; texnologiya və startaplar - qadınların İT və texnoloji layihələrdə iştirakı genişlənir.
"Beləliklə, qadın sahibkarlar artıq yalnız ənənəvi deyil, həm də innovativ və texnoloji sahələrdə öz mövqelərini gücləndirirlər. Onların dəstəklənməsi isə Azərbaycanın iqtisadi və sosial inkişafı baxımından mühüm əhəmiyyət daşıyır", - S.Babayeva sonda vurğulayıb.