Şəxsi məlumatlar və süni intellekt - Azərbaycanda yeni dövrün təhlükəsizlik sınağı - ARAŞDIRMA

İKT
  • 08 sentyabr, 2025
  • 14:03
Şəxsi məlumatlar və süni intellekt - Azərbaycanda yeni dövrün təhlükəsizlik sınağı - ARAŞDIRMA

Süni intellekt (AI) artıq gələcəyin texnologiyası ilə yanaşı, gündəlik həyatımızın və fəaliyyətimizin ayrılmaz hissəsinə çevrilib. O, cəmiyyətin demək olar ki, bütün sahələrinə nüfuz edərək insan fəaliyyətinin formasını dəyişdirir. AI mətnlər yaradır, xəbər və məqalələrdən tutmuş kitabların yazılmasına qədər yaradıcı proseslərdə iştirak edir. Musiqi bəstələyir, rəsm əsərləri və animasiya nümunələri ərsəyə gətirir. Texnologiyanın imkanları təkcə yaradıcı sferalarla məhdudlaşmır: o, səsli yazıları mətnə çevirir, tibbi diaqnostikada həkimlərin işini dəstəkləyir, hətta pilotsuz avtomobil və təyyarələrin idarə edilməsini mümkün edir.

Bu texnologiyaların əsas üstünlüyü  -effektivliyi, dəqiqliyi və keyfiyyəti artırmaq, əvvəllər həlli mümkünsüz görünən mürəkkəb məsələlərə yeni yanaşmalar təklif etməkdir. AI, həmçinin rutin əməliyyatları avtomatlaşdıraraq resurslara qənaət edir, layihələrin icrasını sürətləndirir və nəticə etibarilə məhsuldarlığı əhəmiyyətli dərəcədə yüksəldir.

Bütün bunlar süni intellekti XXI əsrin ən mühüm transformasiya alətlərindən birinə çevirir. Onun qlobal miqyasda iqtisadiyyat, təhsil, səhiyyə, nəqliyyat, təhlükəsizlik və digər sahələrdə tətbiqi yeni reallıqlar formalaşdırır. Bu prosesdən kənarda qalmayan ölkələrdən biri də Azərbaycandır. Son illərdə ölkəmizdə AI texnologiyalarının tətbiqi, onların dövlət idarəçiliyində, biznes mühitində və sosial həyatdakı rolu getdikcə daha çox müzakirə olunur və real layihələrdə öz əksini tapır.

AI texnoloji tərəqqinin hərəkətverici qüvvəsinə çevrilir

Azərbaycanda son illərdə süni intellekt sahəsində sistemli addımlar atılmağa başlanıb. Bu istiqamətdə kadr potensialının gücləndirilməsi məqsədilə 2022-ci ilin əvvəlində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Süni İntellekt Laboratoriyası (AI Lab) yaradılıb. 2025-ci ilin əvvəlində isə "Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası" təsdiq edilib.

Strategiyanın əsas hədəfləri sırasında süni intellekt əsaslı məlumat idarəetməsinin təşkili, ixtisaslı kadr hazırlığının təmin edilməsi, bilik və bacarıqların genişləndirilməsi, dövlət və özəl sektor arasında əməkdaşlığın möhkəmləndirilməsi, eləcə də məlumat təhlükəsizliyi və etik prinsiplərə əsaslanan idarəetmə mexanizmlərinin qurulması yer alır.

Hərçənd süni intellektin artıq gələcəyin texnologiyası yox, indinin reallığı olduğu danılmazdır, lakin onun gətirdiyi dəyişikliklərin cəmiyyətə təsiri və yarada biləcəyi risklər ətrafında müzakirələr hələ də davam edir.

AI şəxsi məlumatların qorunmasına risklər yaradır

Məsələni "Report"a şərh edən Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov bildirib ki, ölkədə süni intellekt sistemlərinin tətbiqi zamanı fərdi məlumatların mühafizəsi xüsusi aktuallıq kəsb edir:

"Bu texnologiyalar çox zaman şəxsi məlumatlar, davranış nümunələri və biometrik göstəricilər üzərində işləyir. Bu prosesdə ən həssas məqam məxfilik, icazəsiz məlumat istifadəsi və məlumatların ölkə xaricində saxlanılması ilə bağlı risklərdir", – deyə o vurğulayıb.

Ekspertin sözlərinə görə, mövcud qanunvericilik müəyyən çərçivə yaratsa da, süni intellektin spesifik risklərini tam əhatə etmir. Bu isə hüquqi tənzimləmələrin təkmilləşdirilməsini zəruri edir.

E. Abbasov qeyd edib ki, hazırda Azərbaycan bazarında süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlərin sayı məhduddur. Bu isə xarici investisiyaların cəlb olunmasında müəyyən çətinliklər yaradır. Onun fikrincə, belə şəraitdə dövlətin maliyyə dəstəyi, güzəştli kredit mexanizmləri və vençur fondlarının yaradılması vacib addımlardandır:

"Dövlət tərəfindən tətbiq edilən mövcud dəstək mexanizmləri müsbət qiymətləndirilməlidir. Lakin startapların maliyyə resurslarına çıxışının sadələşdirilməsi və əlavə stimullaşdırıcı alətlərin tətbiqi prosesi daha da sürətləndirə bilər", – deyə o əlavə edib.

Ekspert həmçinin süni intellekt sahəsində dövlət–özəl sektor əməkdaşlığının əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, daha effektiv sinergiya üçün birgə laboratoriyaların yaradılması, pilot layihələrin dəstəklənməsi və özəl sektora texnoloji güzəştlərin verilməsi məqsədəuyğun olardı.

Ölkədə AI üzrə kadr çatışmazlığı yaşanır

E.Abbasovun sözlərinə görə, süni intellekt sahəsində ictimai maarifləndirmə hələ kifayət qədər geniş deyil:

"İnsanların süni intellektin potensial riskləri və faydaları barədə məlumatlandırılması üçün dövlət, media və vətəndaş cəmiyyəti institutlarının birgə fəaliyyəti vacibdir", - deyə o qeyd edib.

Ekspert təhsil istiqamətində də müəyyən boşluqların olduğunu vurğulayıb. Onun fikrincə, süni intellekt üzrə ixtisaslaşmış proqramların məhdudluğu kadr hazırlığında çatışmazlıq yaradır:

"Bu baxımdan xüsusi ixtisaslaşmış Süni İntellekt Akademiyasının yaradılması mühüm addım ola bilər", – deyə E. Abbasov bildirib.

O həmçinin müasir texnoloji infrastrukturun gücləndirilməsinin prioritet məsələlərdən olduğunu deyib:

"İrimiqyaslı layihələrin həyata keçirilməsi üçün güclü hesablama gücü, data mərkəzləri və yüksək performanslı kompüter resursları tələb olunur. Bu işin yalnız dövlət deyil, həm də özəl sektorun aktiv iştirakı ilə mümkün ola biləcəyi nəzərə alınmalıdır", – deyə o əlavə edib.

Beləliklə, süni intellektin Azərbaycanda inkişafı həm qanunvericilik, həm kadr hazırlığı, həm də texnoloji infrastruktur baxımından kompleks yanaşma tələb edir. Dövlətin dəstəyi, özəl sektorun təşəbbüsləri və ictimai maarifləndirmənin genişləndirilməsi ölkədə AI ekosisteminin formalaşmasını sürətləndirə, Azərbaycanın regional texnoloji mərkəzə çevrilməsinə zəmin yarada bilər.