Şahin Mahmudzadə: "Sİ-lə bağlı sərt məhdudiyyətlər bank sektorunun rəqabət qabiliyyətini azalda bilər" - EKSKLÜZİV
- 04 sentyabr, 2025
- 16:40

Son illərdə Azərbaycanın bank sistemində süni intellekt (Sİ) alətlərinin fəal şəkildə tətbiq edilməsi kommersiya bankları üçün yeni imkanlar açır.
Bunu "Report"a Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə VIII "Astana Maliyyə Günləri" forumunun kuluarlarında bildirib.
Onun sözlərinə görə, məhz bu məqsədlə AMB rəqəmsal transformasiya üzrə yol xəritəsi və "SupTech" proqramını hazırlayıb. "Biz Sİ-nin hansı elementlərini tətbiq etməyə hazır olub-olmadığımızı dəqiq müəyyən etməliyik. Məsələyə ağ-qara tonlarda baxmaq olmaz. Bu, təkcə Azərbaycana aid deyil - dünyada hər bir tənzimləyici kommersiya banklarına nə qədər azadlıq vermək və nə dərəcədə dərin tənzimləmə həyata keçirməklə bağlı özü qərar verməlidir", - o qeyd edib.
Ş.Mahmudzadə vurğulayıb ki, banklar üçün üstünlüklər aydındır: qlobal səviyyədə rəqiblər Sİ-dən fəal istifadə edir və öz gəlirliliyini artırır ki, bu da geri qalanlar üçün bazar payını itirmək riski yaradır.
Baş direktor xatırladıb ki, ənənəvi olaraq özəl sektor tənzimləyiciləri qabaqlayır: "Tənzimləyicilər bununla bağlı boşluğu doldurmalı, riskləri müəyyən etməli, bu və ya digər alətləri tənzimləməli, icazə verməli və ya qadağan etməlidir. Lakin Sİ ilə bağlı sərt məhdudiyyətlər və ya qadağaların tətbiqi ehtimalı azdır, əks halda ölkənin bank sektoru regional oyunçularla müqayisədə rəqabət qabiliyyətini tez itirərdi".
Onun sözlərinə görə, Sİ-nin tətbiqinə yanaşma milli inkişaf səviyyəsindən, bank sektorunun yetişkinliyindən, insan kapitalından və institusional potensialdan asılıdır.
Şəxsi məlumatlar mövzusuna toxunan Ş.Mahmudzadə qeyd edib ki, bu gün müasir dünyada onlar tam dəyərli əmtəəyə çevrilib. "Məlumatların generasiyası, saxlanması və idarə edilməsi prosesləri xərclərlə bağlıdır və bir çox şirkətlər bundan gəlir əldə edir. Sİ alətləri qaçılmaz surətdə şəxsi məlumatlarla qarşılıqlı əlaqədədir: onlar nə qədər dərin tətbiq olunursa, məxfilik və təhlükəsizlik üçün risklər bir o qədər yüksəkdir", - Ş.Mahmudzadə izah edib.
O əlavə edib ki, təhsil səviyyəsi cəmiyyətin məlumatlardan məsuliyyətli istifadəyə hazırlığına birbaşa təsir göstərir: "Savadlılıq səviyyəsinin aşağı olduğu ölkələrdə insanlar çox vaxt nəyi və nə üçün verdiklərini dərk etmirlər. Buna görə də bu sahədə vahid qlobal standart mümkün deyil. Hər şey konkret ölkənin inkişaf səviyyəsindən asılıdır: o, nə qədər yüksəkdirsə, maliyyə institutları və digər maraqlı tərəflər məlumatlardan bir o qədər fəal istifadə edirlər".