Nazir: "Pakistan Mərkəzi Asiya vasitəsilə Azərbaycanla birbaşa fiber-optik bağlantı yaratmağa hazırdır" – EKSKLÜZİV
- 18 noyabr, 2025
- 18:23
Pakistan Azərbaycanı 600 MHz radiotezliklər spektrinin paylanması üzrə keçiriləcək hərraca qoşulmağa dəvət etmək niyyətindədir.
Bunu "Report"a açıqlamasında Pakistanın informasiya texnologiyaları naziri Şaza Fatima Xavaca bildirib.
Onun sözlərinə görə, Pakistan bu radiotezlik resursunu hərraca növbəti rübdə çıxarmağı planlaşdırır, bunun nəticəsində ölkədə ümumi mövcud spektr 900 MHz-dən çox olacaq:
"Spektr - Pakistanın mobil operatorlar və digər telekommunikasiya şirkətləri üçün hərraca çıxarmağı planlaşdırdığı radiotezlik resursunun həcmidir. Bu, ölkə üzrə xidmətlərin keyfiyyətini əhəmiyyətli dərəcədə artıracaq və əhatə dairəsini genişləndirəcək. Bəs bu, Azərbaycanla münasibətlərimiz üçün niyə vacibdir? Əvvəla, hərrac açıqdır və istənilən şirkət iştirak edə bilər. Buna görə də Azərbaycanın telekommunikasiya sənayesini qarşıdan gələn hərraca qoşulmağa dəvət etmək istərdik. Biz hesab edirik ki, bu əla fürsətdir. Çünki 240 milyon əhalisi olan Pakistan sürətlə rəqəmsallaşır və verilənlərin istifadəsi həcmi də qaçılmaz olaraq artacaq. Bu, bütün iştirakçılar üçün ciddi biznes potensialı yaradır", - Ş.Xavaca vurğulayıb.
Nazir, həmçinin qeyd edib ki, Pakistan sualtı rabitəni gücləndirməyi planlaşdırır:
"Fiber-optik əlaqə və sualtı kabellərə gəlincə, bizim məqsədimiz beynəlxalq rabitə marşrutlarını həm şərq, həm də qərb istiqamətində şaxələndirməkdir. Azərbaycanla əlaqə isə belədir. Biz Pakistanı məlumatların tranzit qovşağına çevirmək istəyirik. Əslində, söhbət Mərkəzi Asiya vasitəsilə Pakistandan keçən və Azərbaycana doğru uzanan müasir İpək Yolunun dirçəldilməsindən gedir. Biz Azərbaycan hökuməti ilə birgə sualtı kommunikasiya əlaqələrinə çıxış daxil olmaqla, birbaşa fiber-optik bağlantı yaratmağın mümkünlüyünü öyrənmək istəyirik".
Nazirin sözlərinə görə, Pakistan və Azərbaycan arasında əməkdaşlıq dağ-mədən sənayesi və faydalı qazıntılar da daxil olmaqla geniş sahələri əhatə edir.
"Bizim artıq iki şəhərdən Azərbaycana birbaşa uçuşlarımız həyata keçirilir. Bunların genişləndirilməsi imkanlarını nəzərdən keçiririk. Hesab edirik ki, nəqliyyat əlaqələri zəruridir. Demək olar ki, hər bir sektorda biz investisiyaları, ikitərəfli ticarətin artırılmasını, həmçinin bizim üçün son dərəcə əhəmiyyətli olan mədəni əlaqələrin inkişafını müzakirə edirik. Lahor və İslamabadın artıq Bakıya birbaşa uçuşları var. Ola bilsin ki, Kəraçi və əyalətlərimizin digər inzibati mərkəzləri də onlara qoşulacaq".