Kamboca rəsmisi: "Texnologiya bəşəriyyətin rifahı üçün düzgün istifadə edilməlidir"
- 18 noyabr, 2025
- 17:51
Texnologiyalar bəşəriyyətin rifahı üçün düzgün şəkildə istifadə edilməli və yayılmalıdır.
"Report" xəbər verir ki, bunu Kambocanın poçt və telekommunikasiya üzrə Dövlət katibi Puthyvuth Sok Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının yüksəksəviyyəli plenar iclasında bildirib.
O qeyd edib ki, Beynəlxalq Telekommunikasiya İttifaqının (İTU) hər kəsin imkanını genişləndirən informasiya cəmiyyəti haqqındakı baxışı, dünyanın qeyri-müəyyənlik və artan gərginliklə üzləşdiyi bir zamanda həyati əhəmiyyətə malikdir: "Hamımız bilirik ki, texnologiyalar bütün problemləri həll edə bilməz, lakin onlar bizə daha yaxşı ünsiyyət qurmağa, bir-birimizi daha sürətli anlamağa və qlobal miqyasda problemləri həll etmək üçün əməkdaşlıq etməyə kömək edə bilər".
Qonağın sözlərinə görə, Kamboca üçün bu sadəcə iqtisadi siyasət deyil, həm də infrastruktur, KOB, mikro-KOB, startaplar kimi maraqlı tərəflərin inklüzivliyi, davamlılığı və dəstəklənməsi üçün mənəvi öhdəlikdir: "Biz dönüş nöqtəsindəyik, süni intellekt, blokçeyn, bulud hesablamaları və böyük məlumatlar əsasında rəqəmsal transformasiya böyük perspektivlər təklif edir. Bizim məsuliyyətimiz bu ictimai rifah infrastrukturlarının hər bir icma və ölkəyə fayda verməsini təmin etməkdir. Bu kontekstdə insanların İKT təlimləri vasitəsilə rəqəmsal savadlılığının artırılması, təqaüdlər vasitəsilə sərmayə qoymaq, məsuliyyətli innovasiyalar üçün çoxtərəfli yanaşma, milli süni intellekt strategiyasının inkişafı mühüm əhəmiyyət kəsb edir".