İnformasiya infrastrukturunun rəqəmsallaşma səviyyəsinin diaqnostikası qaydaları təsdiqlənib
- 23 oktyabr, 2025
- 12:48

Nazirlər Kabineti "Ölkə səviyyəsində informasiya infrastrukturunun rəqəmsallaşma səviyyəsinin diaqnostikasının həyata keçirilməsi Qaydaları"nı təsdiq edib.
"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Qaydalar dövlət orqanlarının, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, dövlət adından yaradılan publik hüquqi şəxslərin, digər büdcə təşkilatlarının, yerli özünüidarəetmə orqanlarının, habelə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin internet informasiya ehtiyatı vasitəsilə könüllü ötürülən məlumatlar əsasında sahibkarlıq subyektlərinin (kiçik, orta və iri) informasiya infrastrukturunun rəqəmsallaşma səviyyəsinin diaqnostikasının həyata keçirilməsi qaydalarını müəyyən edir.
Qaydalar əldə edilməsi məhdudlaşdırılmış informasiyanı ehtiva edən informasiya ehtiyatlarına və sistemlərinə, habelə kritik informasiya infrastrukturu obyektlərinə həmin sahələri tənzimləyən normativ hüquqi aktlara uyğun olaraq tətbiq olunur.
Qaydalar ali kateqoriya dövlət orqanlarına, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin edən dövlət orqanlarına, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektlərinə şamil edilmir.