Vergi güzəştləri media sektoruna dövlət səviyyəsində verilən dəyərin göstəricisidir - RƏY
- 23 oktyabr, 2025
- 16:18

Vergi güzəştləri media subyektlərinə maliyyə resurslarını səmərəli bölüşdürmək və keyfiyyətli informasiya istehsalına yönəlmək imkanı verir.
Bunu "Report"a açıqlamasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində media subyektləri üçün gələn il yanvarın 1-də başa çatacaq vergi güzəştinin müddətinin uzadılmasının nəzərdə tutulmasını şərh edən Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli deyib.
Onun fikrincə, bu təşəbbüs media sektoruna dövlət səviyyəsində verilən dəyərin göstəricisidir:
"Düşünürəm ki, bu qərar jurnalistlər üçün yalnız iqtisadi güzəşt deyil, eyni zamanda media sektoruna dövlət səviyyəsində verilən dəyərin və etimadın ifadəsidir. Bu addım həm media sahəsinin iqtisadi sabitliyinə, həm də informasiya məkanının keyfiyyətli inkişafına xidmət edir.
Vergi güzəştləri media subyektlərinə maliyyə resurslarını səmərəli bölüşdürmək, texnoloji imkanlarını genişləndirmək və keyfiyyətli informasiya istehsalına yönəlmək imkanı verir. Qeyd edilən güzəşt, xüsusilə, yeni yaranan və ya rəqəmsal platformalarda fəaliyyət göstərən media subyektlərinin inkişafı üçün real stimul olacaq".

H.Heydərli bildirib ki, haqqında danışılan güzəştin müddətinin uzadılması jurnalistlərin sosial rifahına da müsbət təsir edəcək:
"Güzəştin davam etdirilməsi medianın maddi cəhətdən ayaqda qalmasına, jurnalistlərin sosial rifahının yaxşılaşmasına və ümumilikdə informasiya məkanında keyfiyyətin yüksəlməsinə xidmət edir. Bununla yanaşı, nəzərdə tutulan güzəşt qərarı dövlətin media sektoruna göstərdiyi diqqətin, etimadın və dəstəyin bariz nümunəsidir.
Bu təşəbbüs həm də onu göstərir ki, dövlət medianın inkişafında, onun maliyyə sabitliyinin qorunub-saxlanmasında maraqlıdır. Dövlətin media sahəsinə göstərdiyi dəstək informasiya təhlükəsizliyinin təmin olunması, milli dəyərlərin qorunması və sağlam ictimai rəyin formalaşması baxımından da mühüm əhəmiyyət daşıyır. Bu, dövlət və media arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlığın daha da möhkəmlənməsinə şərait yaradır.
Dövlət hər zaman jurnalistlərin yanındadır, onların fəaliyyətinə yüksək dəyər verir, media nümayəndələrinin peşəkar inkişafına və cəmiyyətin doğru məlumatlandırılması işinə hərtərəfli dəstək göstərir.
Ümumilikdə, vergi güzəştinin uzadılması təşəbbüsünü media sahəsində davamlı inkişafın təmin edilməsi, yaradıcı potensialın reallaşdırılması və dövlət–media münasibətlərinin möhkəmlənməsi baxımından çox önəmli addım kimi qiymətləndirirəm".