"Uniper" Xəzərdən Avropaya qaz tədarükünün artırılması imkanlarını araşdırır - EKSKLÜZİV

Energetika
  • 23 oktyabr, 2025
  • 16:26
Uniper Xəzərdən Avropaya qaz tədarükünün artırılması imkanlarını araşdırır - EKSKLÜZİV

Almaniyanın "Uniper" enerji şirkəti Xəzər regionundan qaz tədarükünün genişləndirilməsi perspektivlərini qiymətləndirərək tərəfdaşlarla aktiv əməkdaşlığını davam etdirir.

Bu barədə "Report"a açıqlamasında "Uniper"in Azərbaycan nümayəndəliyinin rəhbəri Rəşad Hüseynli məlumat verib.

Onun sözlərinə görə, 2022-ci ilin iyul ayında Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan qazının Avropaya ixracının iki dəfə artırılmasını nəzərdə tutan Anlaşma Memorandumu imzalayıblar.

"Uniper" bu prosesi diqqətlə izləyir və Xəzər regionundan mümkün əlavə qaz tədarükü ilə bağlı tərəfdaşlar və bazar iştirakçıları ilə sıx əlaqələr saxlayır", - R.Hüseynli vurğulayıb.

O xatırladıb ki, "Uniper" və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 10 ildən çoxdur ki, müntəzəm bilik mübadiləsi və ortaq strateji məqsədlərə əsaslanan tərəfdaşlıq münasibətlərini davam etdirir.

"Koordinasiya komitəsinin Bakıda keçirilən son iclasında 2025-2026-cı illər üçün yeni əməkdaşlıq proqramı təsdiq edilib. Bu proqram texniki təcrübə mübadiləsini, qadınların rəhbər vəzifələrə irəli çəkilməsini və təhsil proqramlarını əhatə edir. Bu formatlar qaz sektorunda ənənəvi əməkdaşlığı tamamlayır və Avropanın enerji gələcəyinə olan ortaq sadiqliyimizi əks etdirir", - nümayəndəliyin rəhbəri qeyd edib.

R.Hüseynli, həmçinin bildirib ki, "Uniper" hər il Cənub Qaz Dəhlizinin son hissəsi olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə Azərbaycandan təxminən 1,5 milyard kubmetr təbii qaz alır.

"Qaz İtaliyada qəbul edilir. "Uniper" 2020-ci ildə TAP vasitəsilə qaz almağa başlayan ilk Almaniya şirkəti olub.İtaliya qaz şəbəkəsi Avropa infrastrukturunun qalan hissəsi ilə sıx bağlıdır, bu da əlavə təchizatın qonşu ölkələrin təminatına kömək etməsinə imkan verir. "Uniper" uzunmüddətli müqavilələr sayəsində Almaniya və digər Avropa ölkələrindəki müştərilər üçün böyük həcmlərin çevik şərtlərlə əlçatan olmasını təmin edir", - o əlavə edib.

Qeyd edək ki, "Uniper" və SOCAR arasında Koordinasiya komitəsinin 9-cu iclası oktyabrın 3-də keçirilib.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.

Azərbaycan və Avropa İttifaqı arasında əldə olunan razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə ən azı 16 milyard kubmetrə çatacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti