"İDDA Awards" müsabiqəsinə 8 nominasiya üzrə 162 nəfər müraciət edib
- 17 dekabr, 2025
- 17:04
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) hər il keçirdiyi "IDDA Awards" müsabiqəsinə bu il 8 nominasiya üzrə 162 nəfər müraciət edib.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İRİA-nın İnnovasiya ekosistemi departamentinin müdiri Taleh Kərimli bildirib.
Onun sözlərinə görə, bu müsabiqədə iştirakçıların bilik və bacarıqları, gördükləri işlər qiymətləndirilib: "Müraciətlər iki mərhələli şəkildə dəyərləndirilir. Bunlardan birincisində ictimai səsvermə yolu ilə vətəndaşlar səs verib, ikincisində isə 24 nəfərdən ibarət münsiflər heyəti onların bilik və bacarıqlarını dəyərləndirib. Bu gün qaliblər elan olunur. Onlara hədiyyə plaketləri təqdim olunacaq".
Azərbaycanın innovasiya ekosistemində ən mühüm hadisələrdən biri - "IDDA Awards" müsabiqəsinin mükafatlandırma mərasimində innovasiya ekosisteminin 200-ə yaxın oyunçusu ilə yanaşı, startaplar, böyük şirkətlərin və müxtəlif dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
"IDDA Awards" Azərbaycanda innovasiyaların təşviqinə, startapların yaratdığı qabaqcıl texnoloji həllərin tanıdılmasına, innovativ layihələrin həm dövlət, həm də özəl sektorda tətbiqini stimullaşdıran mühüm platformadır. Müsabiqə iştirak edən və xüsusilə də qalib olan layihələr üçün ekosistemdə tanınmaqla yanaşı, şəbəkələşmə və yeni tərəfdaşlıqların qurulması baxımından geniş imkanlar yaranır.