Qərbi Azərbaycan Xronikası: 1828-ci ildən sonra Qərbi Azərbaycanda hansı proseslər başladı?
- 18 dekabr, 2025
- 00:45
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında veriliş hazırlanıb.
"Report" xəbər verir ki, verilişdə Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Şimali Azərbaycanın XIX-XX əsrin əvvəlləri tarixi şöbəsinin müdiri professor Hacı Həsənov Azərbaycan xanlıqlarının Rusiya işğalına qarşı necə müqavimət göstərməsindən danışıb.
O bildirib ki, Azərbaycan torpaqlarında Rusiyanın təbliğat mexanizmi qurulmuşdu: "XIX əsrdə Qafqazda sərhədlər süni şəkildə dəyişdirildi. Rusiya Qafqazda ermənilərdən məqsədli şəkildə istifadə edirdi. Gəncə xanlığının sonuncu hökmdarı Cavad xanın mübarizəsi Azərbaycan dirənişinin simvoluna çevrildi".
Onun sözlərinə görə, Rusiya ermənilər üçün dövlət qurmaqla özünə alət yaradırdı və Azərbaycan xanlıqlarını bir-birinə qarşı istifadə edirdi: "Ermənilərin kütləvi yerləşdirilməsi regionda çox böyük qarşıdurmalar yaratdı. Azərbaycan xalqı XIX əsrdə Rusiya işğalına qarşı dirəniş ənənəsini formalaşdırdı".
H.Həsənov "Erməni vilayəti"nin yaradılması və niyə 12 il mövcud olması, Cənubi Qafqazda Rusiya işğalının müsəlman əhalinin taleyini necə dəyişməsi, Ukrayna mənşəli rus sərkərdəsi İvan Paskeviçin Qafqazda hansı planlar reallaşdırması, 1828-ci ildən sonra Qərbi Azərbaycanda hansı proseslərin başlaması, eləcə də Quba xanı Fətəli xanın Rusiyaya müraciətinin siyasətdə nəyi dəyişməsi ilə bağlı suallara aydınlıq gətirib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.