ABŞ Avropaya Rusiya aktivlərindən sülh planı çərçivəsində istifadə etmək niyyətini açıqlayıb
- 17 dekabr, 2025
- 23:42
ABŞ Prezidenti Donald Trampın administrasiyası Avropa ölkələrinə Ukrayna münaqişəsi üzrə gələcək sülh sazişi çərçivəsində Qərbdə dondurulmuş Rusiya aktivlərindən istifadə etməyə hazır olduğunu açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə "The Washington Post"a iki mənbədən məlumat daxil olub.
Tramp komandası tərəfindən hazırlanmış ilkin plana əsasən, 100 milyard dollar ABŞ-nin rəhbərlik etdiyi Ukraynanın bərpası səylərinə yönəldilməli, qalan məbləğ isə Rusiya-ABŞ investisiya fondunun yaradılmasına sərf olunmalı idi. Bu yanaşma Rusiyanı sülh sazişi imzalamaq üçün iqtisadi stimul verməli idi.
Lakin Ukrayna ilə aparılan məsləhətləşmələrdən sonra planın Rusiya aktivlərinə dair bəndi çıxarılıb. Bununla belə, qəzetin məlumatına görə, Avropa liderləri bu məsələdə ABŞ rəsmilərinin təzyiqi ilə üzləşməyə davam edirlər.