Alkis Drakinos: "EBRD-nin Azərbaycanda İKT layihələrinə dəstəyi güclü rəqəmsal iqtisadiyyatın formalaşmasına töhfə verir"
- 04 noyabr, 2025
- 19:54
Bu günə qədər Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində 200-dən çox layihəni dəstəkləyib.
"Report" xəbər verir ki, bunu bankın Qafqaz üzrə regional direktoru Alkis Drakinos Bakıda keçirilən "StrategEast: Dövlət və İnformasiya Texnologiyaları Avrasiya Forumu 2025" forumunun açılış mərasimində bildirib.
A.Drakinosun sözlərinə görə, EBRD-nin Azərbaycandakı fəaliyyəti ənənəvi maliyyələşdirmə və ya texniki dəstəkdən kənara çıxır.
"Biz sahibkarları dəstəkləyən, institutları gücləndirən və bazarları birləşdirən ekosistemlərin yaradılmasına çalışırıq. Yerli səviyyədə əsas layihələrimizdən biri "Star Venture" proqramıdır. 2019-cu ildən bəri biz yüksək inkişaf potensialına malik startapları dəstəkləmək üçün bu təşəbbüsü həyata keçiririk. Üç ölkədə pilot layihə kimi başlayan bu təşəbbüs bu gün 26 bazarı əhatə edərək, 350-dən çox startapa və 36 akseleratora dəstək göstərir. Proqramın Azərbaycanda işə salındığı 2022-ci ildən bəri ondan artıq Azərbaycan startapı onun imkanlarından faydalanaraq mentorluq, məsləhət və investor şəbəkələrinə çıxış əldə edib", - o qeyd edib.
EBRD-nin regional direktoru vurğulayıb ki, Azərbaycanda 200-dən çox İKT layihəsinin dəstəklənməsi bankın regionda güclü rəqəmsal iqtisadiyyatın inkişafına sadiqliyini əks etdirir.
"Bizim dəstəyimiz yalnız investisiyalarla məhdudlaşmır. Maliyyələşdirmə ilə yanaşı, biz Digital Transformation Support Program və Cyber Security Resilience Program vasitəsilə texniki yardım göstərir, səmərəliliyin artırılmasında və kibertəhlükələrə qarşı davamlılığın təmin edilməsində tərəfdaşlarımıza kömək edirik. Məsələn, biz Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə əməkdaşlıq edərək uzunmüddətli su təhlükəsizliyini təmin etmək üçün rəqəmsallaşdırma məsələlərinin müəyyənləşdirilməsinə və həllinə töhfə veririk", - A.Drakinos əlavə edib.
O, həmçinin 2022-ci ildə Bakıda rəsmi olaraq başladılan "Strategist İT Hub" layihəsinin əhəmiyyətini qeyd edib.
"EBRD-nin maliyyələşdirdiyi bu layihə "StrategEast" və Azərbaycan İqtisadiyyat Nazirliyinin nəzdində Dördüncü Sənaye İnqilabı Mərkəzi ilə birgə həyata keçirilib. Onun çərçivəsində Gəncə, Lənkəran, Şəki və Naxçıvandan olan 85 gənc mütəxəssis İT sahəsində pulsuz təlim keçib və iş təklifləri alıb. Bu, ixtisaslı İT kadrlarının sayını artırmağa və Azərbaycana yeni birbaşa xarici investisiyalar cəlb etməyə imkan verib. Bu uğur göstərir ki, birgə səylər gələcək bacarıqları formalaşdıran imkanlar yaradır. Məqsədimiz süni intellekt və rəqəmsallaşmanın insanlara xidmət etməsi və uzunmüddətli artıma töhfə verməsidir", - EBRD nümayəndəsi vurğulayıb.