Əli Əsədov: III MDB Oyunları Azərbaycanda dostluq və idman ruhunu gücləndirəcək

İdman
  • 29 sentyabr, 2025
  • 16:30
Əli Əsədov: III MDB Oyunları Azərbaycanda dostluq və idman ruhunu gücləndirəcək

Hazırda Azərbaycanda keçirilən III MDB Oyunları dostluq və idman ruhunu gücləndirmək üçün mühüm addım olacaq, həmçinin Birlik ölkələri arasında idman sənayesi və mədəniyyətin inkişafına xidmət edəcək.

"Report"un məlumatına görə, bunu Azərbaycan Baş naziri Əli Əsədov Minskdə MDB Hökumət Başçıları Şurasının iclasında çıxışı zamanı bildirib.

"MDB çərçivəsində müxtəlif idman tədbirlərinin keçirilməsi xüsusi əhəmiyyət kəsb edərək qarşılıqlı fəaliyyətin mühüm istiqamətinə çevrilib. Xüsusilə, vurğulamaq istəyirəm ki, ötən gün Azərbaycanın Gəncə şəhərində III MDB Oyunlarının təntənəli açılış mərasimi keçirilib. Açılışda Prezident İlham Əliyev iştirak edib. İlk dəfə olaraq 23 idman növündə 1 600-dən çox idmançının yarışacağı belə bir böyük idman tədbirləri ölkəmizin regionlarında (7 şəhərdə) keçirilir", - o deyib.

Ə.Əsədovun sözlərinə görə, humanitar sahə də qarşılıqlı fəaliyyətin əsas istiqamətlərindən biri olaraq qalır.

"Bu gün 2026-cı ildə Sağlamlığın Qorunması İlinin hazırlanması və keçirilməsi üzrə Tədbirlər Planının təsdiqi nəzərdə tutulur. Bu kontekstdə tibbi kadrların ixtisasının artırılması, həmçinin səhiyyə sisteminə innovativ metodların və müasir informasiya texnologiyalarının tətbiqi ilkin əhəmiyyət kəsb edir", - Baş nazir qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti