Tovuzda avtomobil ağaca çırpılıb, qadın sürücü xəsarət alıb

Hadisə
  • 07 sentyabr, 2025
  • 11:15
Tovuzda avtomobil ağaca çırpılıb, qadın sürücü xəsarət alıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Tovuz rayonunun Qovlar şəhəri ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

"Report" xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Nissan Note" markalı minik avtomobilinin yoldan çıxaraq ağaca çırpılması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və sürücü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1994-cü il təvəllüdlü İbrahimova Əfsanə Məhəmməd qızını xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Tovuzda avtomobil ağaca çırpılıb, qadın sürücü xəsarət alıb