Sorğu: Fransızların əksəriyyəti hökumətə qarşı etiraz aksiyalarını dəstəkləyib

Digər ölkələr
  • 07 sentyabr, 2025
  • 13:52
Sorğu: Fransızların əksəriyyəti hökumətə qarşı etiraz aksiyalarını dəstəkləyib

Fransa sakinlərinin əksəriyyəti sentyabrın 10-da aksiyalara və blokadalara çağıran etiraz hərəkatını dəstəklədiyini bildirib.

"Report" xəbər verir ki, bu barədə IPSOS-Bva və CESI-nin "La Tribune Dimanche" qəzeti üçün keçirdiyi ictimai rəy sorğusunun nəticələrində göstərilib.

Sentyabrın 3-dən 4-ə qədər sorğuda iştirak edən 1000 fransız arasında yalnız 46%-i etirazları və ümumilikdə internet hərəkatını dəstəklədiyini, 26%-i isə əleyhinə olduğunu bildirib.

Qeyd olunub ki, baş nazir Fransua Bayru böhranı həll etməyə ən az qadir siyasətçi hesab edilib, respondentlərin yalnız 10%-i onu dəstəkləyib.

Respondentlərin 51%-i etiraz hərəkatının əsas səbəbi kimi əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsini göstərib.

Həmçinin, narazılığın səbəbləri arasında fransızlar ilk növbədə Bayrunun təklif etdiyi büdcə kəsirinin azaldılması planını (47%) və həm baş nazirin özündən, həm də ölkə prezidenti Emmanuel Makrondan (43%) narazılığın adını çəkiblər.

Respondentlərin 40%-nin fikrincə, etirazlara həm də "elitanın xalqdan uzaqlaşdırılması" səbəb olub, 35%-i isə həddindən artıq vergi yükündən danışır.

Qeyd edək ki, sentyabrın 10-da Fransada hökumətin iqtisadi siyasətinə qarşı etiraz aksiyaları və tətillər planlaşdırılır. Onların arasında "Sarı jiletlilər" aksiyasının keçmiş iştirakçıları da var. Onlar müxtəlif etiraz variantları təklif edirlər - tətil və nümayişlərdən tutmuş mədəni tədbirlərə və mağazalara getmədən evdə özünü təcrid etməyə qədər. Bank kartlarından imtina edib nağd pula keçmək və ya vətəndaş itaətsizliyinə çağırışlar da var.