Prokurorluq uşaq evində seksual zorakılığa görə şəxsə 10 il həbs cəzası verilməsinin səbəbini açıqlayıb

Hadisə
  • 02 oktyabr, 2025
  • 12:08
Prokurorluq uşaq evində seksual zorakılığa görə şəxsə 10 il həbs cəzası verilməsinin səbəbini açıqlayıb

Məhəmməd Hacıyevin uşaq evində seksual zorakılığa görə 10 il həbs cəzası verilməsinin səbəbi məlum olub.

Baş Prokurorluqdan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Bakının Xətai rayonunda fəaliyyət göstərən 3 saylı Uşaq evi sosial xidmət müəssisəsində 14 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətlərinin törədilməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə Məhəmməd Hacıyev Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsilə cinayət məsuliyyətinə cəlb edilib və iş üzrə ibtidai istintaq yeşkunlaşdırılaraq ötən il dekabrın 9-da ittiham aktı Xətai rayon prokuroru tərəfindən təsdiq edilməklə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittiham məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından bu il sentyabrın 23-də o, məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, bu kateqoriya cinayət əməlinə görə qanunda 15 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulsa da, təqsirləndirilən şəxs M.Hacıyev cinayət əməlini törədən zaman yetkinlik yaşına çatmadığına görə (18 yaşı tamam olmayıb) qanunun tələblərinə əsasən onun barəsində məhkəmə tərəfindən 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

Təqsirləndirilən şəxs və onun müdafiəçisinin hökmdən qanunla nəzərdə tutulmuş qaydada aidiyyəti üzrə yuxarı məhkəməyə şikayət etmək hüququ var.

"Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən cinayət işləri üzrə məlumatlar ictimailəşdirilən zaman həssaslıq nümayiş etdirilməklə zərərçəkmiş şəxsin hüquqlarına hörmətlə yanaşılmasını, məhkəmə prosesinin ədalətliliyi, cəmiyyətin qanunun aliliyinə inamını qorumaq naminə cinayət işlərinə dair məlumatlar paylaşılarkən əsassız fərziyyələr və yanlış şərhlərdən çəkinməyi xahiş edirik", - məlumatda qeyd olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti