"Sabah"ın 400-cü qolunun müəllifi: "Klubda ilk qolumu vurduğum üçün xoşbəxtəm"
- 21 oktyabr, 2025
- 12:25

"Sabah"ın futbolçusu Aron Maluda klubda ilk qolunu vurduğu üçün çox xoşbəxtdir.
19 yaşlı yarımmüdafiəçi bu barədə "Report"a açıqlama verib.
Fransalı oyunçu "Zirə"yə üç cavabsız qolla qalib gəldikləri Misli Premyer Liqasının VIII turunun matçında fərqlənməsinə münasibət bildirib:
"Bu qarşılaşmada qol və məhsuldar ötürmə ilə yadda qaldığım üçün çox xoşbəxtəm. Komandamız üçün vacib oyun idi. Bunu anlayırdıq. Çempionatda bizdən öndə olan klublarla ayaqlaşmaq üçün qalib gəlməliydik. Ona görə 3 xal qazanmaq ən vacib olanıdır. Bunun üçün də çox sevinirəm".
A.Maluda paytaxt təmsilçisinin azarkeşlərinə də müraciət edib:
"Bu mövsüm yaxşı nəticələrə nail olmaq üçün onların dəstəyinə çox ehtiyacımız var. Biz birlikdə güclüyük".
Qeyd edək ki, Aron Maluda sözügedən görüşdə hesabı açıb. Bu, "Sabah"ın bütün turnirlərdə 400-cü qolu kimi tarixə düşüb.