Gümrünün "fəthi" - Paşinyan rusiyapərəst və revanşistləri zəiflədir – ŞƏRH

Analitika
  • 21 oktyabr, 2025
  • 14:35
Gümrünün fəthi - Paşinyan rusiyapərəst və revanşistləri zəiflədir – ŞƏRH

Ermənistanın ikinci böyük şəhəri Gümrüdə dünən baş tutan həbs dalğası ölkənin siyasi həyatında təlatümlərə səbəb olub. 20 oktyabr səhər saatlarında hüquq-mühafizə orqanları Gümrü meri Vardan Qukasyanı və 7 nəfəri korrupsiya ittihamı ilə həbs edib. Ermənistan müxalifəti bu həbsi qeyri-qanuni sayaraq, məsələni şişirdib və repressiya dalğası kimi təqdim etməyə çalışır. Amma hadisənin kökləri daha dərindir.

Gümrü şəhərində yerli özünüidarəetmə orqanlarına keçirilən seçki müxalifət və iqtidar arasında adətən ölüm-dirim savaşına çevrilmişdi. Aprel ayında baş tutan seçkilərdə Paşinyan bu şəhərdə qalib gəlmək üçün resurslarını səfərbər etsə də, Serj Sarqsyan, Robert Köçəryan və apostol kilsəsinə məğlub oldu. 2018-ci ildə paytaxt İrəvana yürüşünü bu şəhərdən başlayan Paşinyan üçün Gümrü müəyyən simvol ifadə edir. Amma yuxarıda adı hallanan üçlüyün, xüsusən də kilsənin çağırışları ilə kommunist partiyasının üzvü Vardan Qukasyan şəhər meri seçildi. Sonradan üzə çıxan səs yazılarında Qukasyana insanları seçkilərə təşviq etmək və ona səs verməklə bağlı əmrlərin verildiyi üzə çıxıb. Eyni zamanda Vardan seçiciləri pulla almaqda da şübhəli bilinir və Nikol Paşinyan bu yaxınlarda çıxışlarının birində bu fakta da toxunub.

Qukasyan ictimaiyyətdə rusiyapərəst mövqeyi ilə tanınır və bunu heç bir halda gizlətmir. Eyni zamanda Gümrü şəhəri bu seçkilərdən sonra rusiyapərəstlərin və revanşistlərin qalası hesab edilirdi. Məhz bu səbəblərdən Gümrüdə bu qüvvələri zəiflətmək 2026-cı il 7 iyun tarixinə təyin edilmiş parlament seçkiləri üçün vacib sayılırdı. Hüquq-mühafizə orqanlarının apardığı araşdırmalar nəticəsini verdi. Vardan Qukasyan 7 nəfərlə birlikdə Gümrüdə əməlli-başlı korrupsiya sxemi qurub. Üzə çıxan faktlardan da məlum olur ki, bələdiyyə sədri və şəhərin baş arxitektoru sökülməli olan və sahəsi təxminən 1500 kvadratmetr olan qanunsuz tikilmiş binanın leqallaşdırılmasına görə 4 milyon dram, yəni 10 min dollar rüşvət tələb ediblər və alıblar. İşə həmçinin şəhər ağsaqqallar şurasının arzuolunmaz üzvlərini şantaj etmək, eləcə də bələdiyyə sədrinin yaxın qohumuna məxsus torpaq sahələrini qanunsuz özəlləşdirməyə və icazəsiz tikintini leqallaşdırmaq cəhdlərinə dair ittihamlar da var. Maraqlıdır ki, həbs edildikdən sonra Vardan Qukasyan ona qarşı irəli sürülmüş ittihamları nə qəbul edib, nə də rədd edib.

Baş verənlərdən sonra müxalifət, xüsusən də Serjə və Robertə yaxın qüvvələr hərəkətə keçiblər. Müxalifət baş verənləri siyasi repressiya adlandırıb. Respublikaçılar partiyasının üzvü Armen Aşotyan bəyan edib ki, Nikolun demokratiya köpüyü artıq partlayıb. Onun fikrincə, hakimiyyət demokratiya mifini Qərbə satır, ölkədə avtoritar meyillər gücləndiyi halda, seçilmiş merə qarşı indiki hərəkətlər baş naziri avtoritar liderlərlə bərabər səviyyəyə qoyur.

Amma ortada bir real fakt var: Vardan Qukasyan əvvəllər də dəfələrlə korrupsiya və rüşvət ittihamları ilə üzləşib. Gümrüdə mer seçildikdən cəmi 6 ay sonra yenidən köhnə vərdişinə, rüşvətxorluğa qayıdıb. Bu faktı və rəsmi rəqəmləri hətta hakim partiyanın üzvləri də müxalifətə cavab olaraq səsləndiriblər.

Qukasyanın həbsində korrupsiya və rüşvət faktoru ilə yanaşı, onun revanşistlərə və rusiyapərəst qüvvələrə xidmət etməsi olub. Eyni zamanda nəzərə almaq lazımdır ki, Baş nazir parlamentdə çıxışı zamanı ölkənin suverenliyinə qarşı çıxan şəxslərlə haqq-hesab çürütməyin vacib olduğunu bəyan edib. Çox güman ki, bu çıxış zamanı konkret olaraq, Vardan Qukasyan nəzərdə tutulurdu. Çünki həbsdə olan Gümrü meri bu yaxınlarda Rusiya və Belarusla Gömrük İttifaqının qurulmasını təklif etmişdi. Eyni zamanda hakimiyyətin xarici siyasət kursunu tənqid edir, yeganə çıxış yolunun Rusiyanın qucağına atılmaqda gördüyünü kürsülərdən bəyan edirdi. Qukasyan dəfələrlə bildirib ki, Ermənistan Rusiya ilə Gömrük İttifaqı çərçivəsində münasibətlərini möhkəmləndirməlidir. Əslində bu bəyanat və fikirlərin Kremlin göstərişləri əsasında səsləndirilməsi və rusiyayönümlü qüvvələrə xidmət etməsi açıq-aydın görünür. Bu səbəbdən də belə bir şəxsin Ermənistanın ikinci böyük şəhərinin meri kimi fəaliyyət göstərməsi, yenidən korrupsiya və rüşvətə qurşanması təbii ki, hakim partiyanın planlarına zidd sayılır.

Qukasyanın həbsinə rəvac verən məsələlərdən biri də Gümrüdə yerləşən Rusiyanın 102-ci hərbi bazası ilə bağlıdır. Erməni KİV-də yayılan xəbərlərə görə, Baş nazir Nikol Paşinyan hələ cari ilin aprel ayında keçirilən bələdiyyə seçkilərində hakim komandanın namizədinin bu posta seçilməsini həm də hərbi baza ilə bağlı istəyirdi. Çünki sonradan yerli xalq arasında təbliğatın aparılması, Rusiya bazasının Gümrünü tərk etməsi ilə bağlı aksiyalara start verilməli idi. Amma Vardan Qukasyanın mer seçilməsi bu plana da mane olub. Amma işin maraqlı tərəfi odur ki, "Respublika naminə" partiyası və onun tərəfdarları 2025-ci ilin avqust ayında Gümrü şəhərində 102-ci hərbi bazanın tamamilə çıxarılması tələbi ilə etiraz aksiyası keçirib. Paralel olaraq isə Vardan Qukasyan tərəfindən bu aksiyanın əleyhinə etiraz nümayişi təşkil edilir və əraziyə üzərində Rusiyanı dəstəkləyən şüarlar yazılan plakatlarla yürüş təşkil edən bir qrup şəxs gətirilir. Bu isə təbii ki, hakim partiyanın narazılığına və qəzəbinə səbəb olub. Ona görə də Gümrü merinin həbsinin bir sıra səbəbləri olduğunu açıq-aşkar söyləmək olar.

Ehtimal etmək olar ki, Qukasyanın həbsi ilə Baş nazirin Vatikana səfərinin eyni vaxta düşməsi təsadüfi deyil. Görünür, Qərbin bir sıra dairələrindən daxildəki rusiyapərəst qüvvələrə qarşı əməliyyat keçirilməsi barədə tapşırıq verilib. Qukasyana qarşı açılan cinayət işi onun birbaşa siyasi karyerasına zərbədir. Eyni zamanda Gümrüdəki yerli hakimiyyətlə mərkəzi hakimiyyət arasında gərginliyin artması anlamına da gələ bilər. Müxalifət, xüsusən də revanşistlər bundan istifadə edərək, yerli xalqla hüquq-mühafizə orqanları arasında ciddi toqquşmaları da təhrik edə bilərlər. Bu isə yəqin ki, hakim partiya üçün arzuolunmaz ssenari sayılar.

Bununla belə, söyləmək olar ki, rusiyapərəst şəxsin həbsi Vaqarşapat seçkiləri ərəfəsində əslində müxalifətə ciddi bir siqnal da sayılmalıdır. Baş nazir bu həbslə işarə edir ki, yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilərdə revanşist və rusiyayönümlü qüvvələrə yer yoxdur. Onların ən böyük qalası Gümrü artıq "fəth edilib". Bundan sonra da bütün seçkilərdə bu xətt izlənəcək. Buna görə də indidən ehtimal etmək olar ki, Vaqarşapatda hakimiyyətin namizədi Arqişti Mexakyanın seçilmə şansı yüksəkdir.

Kamil Məmmədov

Son xəbərlər

Bütün Xəbər Lenti