Futbol Hakimləri İctimai Birliyinin sədri: "Tofiq Bəhramovu ölkədə daha da tanıtmaq istəyirik"
- 15 oktyabr, 2025
- 11:58

"Tofiq Bəhramov – 100: Ədalətli Oyun İrsi" layihəsi çərçivəsində keçirilən seminarların əsas məqsədi azərbaycanlı hakimin xatirəsini yad etmək və onu ölkədə daha da tanıtmaqdır.
Bu barədə "Report"a Azərbaycan Futbol Hakimləri İctimai Birliyinin (AFHİB) sədri Gülağa Cabarov açıqlama verib.
O, bu tədbirlərə sadə insanların da qatıldığını söyləyib:
"Seminarların məqsədi Tofiq Bəhramovun xatirəsini yad etmək, onu Azərbaycanda daha da tanıtmaqdır. Bu seminar sırf hakimlər üçün nəzərdə tutulmayıb. Regionlarda sadə insanlar, idman mütəxəssisləri üçün bu tədbiri təşkil etmişik. Bakıda AFFA-nın inzibati binasından başqa, Lənkəran, Quba, Şəki və Lerikdə də seminar baş tutub. Bakıda, Sumqayıt və Gəncədə daha üç seminar olacaq".
G.Cabbarov Tofiq Bəhramovun 100 illik yubileyi ilə əlaqədar bu təşəbbüsü irəli sürdüklərini bildirib:
"Məqsədimiz onun xatirəsini yad etməkdir. Seminarlarda çox məlumatlar çatdırırıq. Bu, insanlar, gənclər üçün çox maraqlıdır. Əfsanəvi hakimimizin 100 illiyinə həsr olunmuş kitabça da hazırlamışıq. Seminarlarda onun da təqdimatını keçiririk və iştirakçılara sertifikatlardan başqa, kitabçalar da veririk".