"Barselona"nın sabiq futbolçusu ölümü ilə bağlı yayılan xəbərləri təkzib edib
- 15 sentyabr, 2025
- 18:41
İspaniyanın "Barselona" klubunun heyətində Çempionlar Liqasının ikiqat qalibi olan fransalı Erik Abidal ölümü ilə bağlı yayılan xəbərləri təkzib edib.
"Report" xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb.
2011-ci ildə qaraciyər şişi diaqnozu qoyulan futbolçunun bəzi xəbər portallarında ölümü ilə bağlı xəbər tirajlanıb.
46 yaşlı sabiq müdafiəçi məsələyə bu cür münasibət bildirib:
"Bu cür söz-söhbətlər olmamalıdır. Ailəmlə buradayam, yaxşıyam. Hər şeyə aydınlıq gətirmək üçün bunu yazdım. Dəstəyinizə görə təşəkkür edirəm. Gəlin, daha vacib məqamlara diqqət yetirək".
Qeyd edək ki, Abidal futbolçu karyerası ərzində "Barselona"dan başqa, Fransanın "Monako", "Lill" və "Lion", Yunanıstanın "Olimpiakos" klublarında çıxış edib. O, İspaniya klubunun tərkibində Çempionlar Liqasından əlavə, 4 dəfə ölkə çempionatı, 2 dəfə UEFA Superkuboku və 2 dəfə klublararası dünya çempionatının qalibi olub.