Azərbaycan millisinin baş məşqçisi: "Fürsətlərdən istifadə etsəydik, hesab daha böyük olardı"
- 01 oktyabr, 2025
- 14:13

Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət millisi III MDB Oyunlarında Qırğısıtanla keçirdiyi matçda fürsətlərdən istifadə etsəydi, hesab daha böyük ola bilərdi.
"Report"un Qəbələyə ezam olunan əməkdaşının məlumatına görə, bunu komandanın baş məşqçisi Aqil Nəbiyev deyib.
O, matçın çətin keçdiyini söyləyib:
"Oyunun çətin, rəqibin aqressiv olacağını bilirdik. İki fərqli hissə izlədik. İkinci hissədə daha çox top saxladıq. Finala vəsiqə qazandıq. Rusiya və Belarus komandalarından birini gözləyirik. Fürsətlərdən istifadə etsəydik, hesab daha böyük ola bilərdi".
A.Nəbiyev çempion olacaqlarına inanır:
"AFFA rəhbərliyi yanımızdadı. İnanıram ki, finalda da yanımızda olacaqlar. Həmçinin azarkeşlərlə bağlı da eyni sözləri deyərdim. Artıq komanda kimi formalaşmışıq. Aramızda koordinasiya var. Son oyunlarda qələbələr ard-arda gəlir. İnanıram ki, kuboku birlikdə götürəcəyik".
Qeyd edək ki, Azərbaycanın U-16 millisi Qırğızıstanı 4:0 hesabı ilə məğlub edərək finala yüksəlib.