Avstriyalı siyasi analitik: Ermənistandakı seçkilər sülh müqaviləsinin imzalanması üçün fürsət ola bilər

Xarici siyasət
  • 01 oktyabr, 2025
  • 15:59
Avstriyalı siyasi analitik: Ermənistandakı seçkilər sülh müqaviləsinin imzalanması üçün fürsət ola bilər

Ermənistandakı parlament seçkiləri Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün fürsət ola bilər.

Bunu "Report"un Türkiyə bürosuna açıqlamasında avstriyalı siyasi analitik Klaus Jürgens bildirib.

Analitikin fikrincə, gələn il Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra Azərbaycanla sülh müqaviləsinin imzalanması gözləniləndir:

"Mən bu məsələdə çox optimistəm. Düşünürəm ki, hər iki tərəf düzgün mövqe tutur. Əvvəllər Ermənistanın mövqeyi doğru deyildi. Amma artıq Azərbaycan və Ermənistan liderləri birbaşa danışıqlara başlayıblar. Keçmiş keçmişdə qaldı. İngiltərədə bir deyim var: keçmişdə baş verən xoşagəlməz şeylər ən yaxşı şəkildə unudulmalıdır. Düşünürəm ki, sülh müqaviləsi Ermənistandakı seçkilərdən sonra imzalana bilər".

Zəngəzur dəhlizinin reallaşması məsələsini "mükəmməl ssenari" adlandıran analitik bildirib ki, bu layihənin həyata keçirilməsi bütün dünyanı qane edəcək proses ola bilər:

"Azərbaycan bütövləşəcək və Naxçıvana quru əlaqəsi təmin olunacaq. Türkiyə ilə Ermənistan daha yaxşı münasibətlər quracaq. Avropalılar axırda bu qənaətə gələcəklər ki, Ermənistanla Azərbaycan arasındakı sülh müqaviləsi onlara nə qədər rifah gətirir, amerikalılar bu prosesin pozitiv tərəflərini görəcəklər. Bu dəhlizin açılması təkcə bölgədə deyil, Asiyadan Avropayadək bütün zonada iqtisadiyyatın, ticarətin, turizmin inkişafı deməkdir".

Ekspert hesab edir ki, Cənubi Qafqazın, əslində, Avropa İttifaqı kimi daxili bazara çevrilməsi mümkündür.

"Necə Avropa Vahid Bazarı daxilində mal, xidmət, əmək və kapitalın sərbəst hərəkəti, o cümlədən bu ərazidə hər hansı bir ölkədə yaşayış yeri seçmək azadlığına imkan yaradılır. Eləcə də prosesə Gürcüstan da daxil olmaqla Cənubi Qafqazda belə azad iqtisadi zona yaratmaq mümkündür. Sülhə, sabitliyə zəmanət verildikdən, bölgəyə investisiya cəlb edildikdən sonra rifah yüksələcək".

Son xəbərlər

Bütün Xəbər Lenti