Azərbaycan Kubokunun 1/4 finalına vəsiqə qazanan daha bir komanda bəlli olub
- 04 dekabr, 2025
- 16:52
Futbol üzrə Azərbaycan Kubokunun 1/4 finalına yüksələn daha bir komanda bəlli olub.
"Report"un məlumatına görə, "Qəbələ" bu raundda iştirak hüququ qazanıb.
"Qırmızı-qaralar" 1/8 finalda I Liqa təmsilçisi "Şəfa"nı doğma meydanda məğlub edib - 2:1. Meydan sahiblərinin heyətində qolları 2-ci və 53-cü dəqiqələrdə İbrahim Sanqare vurub. Qonaqlardan Emin Zamanov 6-cı dəqiqədə adını tabloya yazdırıb.
"Qəbələ" 1/4 finalda "Sabah"la üz-üzə gələcək.
Bu gün, saat 19:00-da "Araz-Naxçıvan" - "Kəpəz" və "Difai" - "Sumqayıt" görüşləri başlayacaq.
Qeyd edək ki, daha əvvəl bu mərhələdə "Turan Tovuz" "Şahdağ Qusar"ı (2:1), "Zirə" əlavə vaxtda "Neftçi"ni (1:0), "Şamaxı" "Baku Sportinq"i (1:0), "Sabah" əlavə vaxtda "İmişli"ni (2:1), "Qarabağ" isə "Karvan-Yevlax"ı (3:0) məğlub edib.