Hakan Fidan: ATƏT-in Minsk prosesinin bağlanması qərarı tarixi hadisədir
- 04 dekabr, 2025
- 17:22
ATƏT-in Minsk prosesi və onunla bağlı strukturların 2025-ci ildə (1 dekabr 2025-ci ildən etibarən - red.) bağlanması barədə tarixi qərar Azərbaycan və Ermənistanın birgə səyləri nəticəsində mümkün olub.
"Report"un Avropa bürosunun məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 32-ci iclasında çıxış edərkən bildirib.
H.Fidan vurğulayıb ki, vaxtı çoxdandır ki, çatmış büdcənin qəbul olunması və "Helsinki+50" konfransı çərçivəsində ATƏT-də mümkün islahatları da əhatə edən kollektiv iş təşkilatın fəaliyyətini daha da "canlandırmağa" kömək edə bilər.
XİN başçısı əlavə edib ki, Ankara digər regionlarda, xüsusilə Ukraynada sülhə nail olmaq üçün səyləri dəstəkləyəcək: "Ukraynadakı müharibə beşinci ilinə yaxınlaşdıqca, sülhə nail olmaq son vaxtlar daha da aktual olub. Biz ABŞ-nin münaqişə tərəfləri arasında razılaşmalara nail olmaq məqsədilə göstərdiyi səylərini xüsusilə alqışlayırıq".
H.Fidan regionda uzunmüddətli sülhün bərqərar olması ilə bağlı səyləri dəstəkləməyə çağırıb.